Ömrü başa vurar şir ürəklilər...

 

Nizami sözündən incilər

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

 

Gül kimi yumşaqlıq göstərmə, gerçək,

Olma ikiüzlü, bənövşələrtək.

Ömrü başa vurar şir ürəklilər,

Öküz ürəklidə olmaz bir hünər.

 

(“Leyli və Məcnun”)

 

 

Xalqa rahatlıq istə, əzmə, incitmə onu,

Utanmaqdan başqa şey deyil bu işin sonu.

 

(“Sirlər xəzinəsi”)

 

 

Bazarın rəvacdır yaxşı işlərlə,

Kasadlıqda qoyma dostunu belə.

 

(“XosrovŞirin”)

 

 

Hər kim qənaətlə əgər şad olar,

O hörmətli olar, sərazad olar.

 

(“Yeddi gözəl”)

 

 

Yoxsulluq üz versə sənə, heç zaman

Yalvarıb istəmə kimsədən aman.

 

(“İsgəndərnamə” – “İqbalnamə”)

 

 

Bir şəxsin olmasa şəxsə imdadı,

Say vaxtı heç saya alınmaz adı.

 

(“İsgəndərnamə” – “Şərəfnamə”)

 

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.7.