Kolumbiya səfiri: “Kitab sərgisində iştirak etməkdən çox məmnunuq”

 

Ölkəmiz artıq üçüncü dəfədir bu sərgidə iştirak edir. Kolumbiyanın Azərbaycandakı Səfirliyi olaraq bu sərgidə iştirak etməkdən məmnunluq duyuruq. Fürsətdən istifadə edərək belə bir tədbirin təşkilinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm.

 

Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas bu sözləri VII Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

 

Səfir qeyd edib ki, sərgidə Kolumbiyanın Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesin kitabları, həmçinin Kolumbiya haqqında, ölkənin turizmi, mətbəxi və s. barədə nəşrlər təqdim olunur. Diplomat sərginin ilk günü Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradovanın dəstəyi ilə Kolumbiya rəqslərinin nümayiş olunmasını da əlamətdar fakt kimi diqqətə çatdırıb: “Hər kəsi bizim milli pavilyona dəvət edirəm. Bu, bizim üçün çox xoş olar”.

 

Qeyd edək ki, oktyabrın 7-də sərgi çərçivəsində Kolumbiyanın “La Mojarra Electricaqrupunun virtual konserti təqdim olunub. Təqdimatdan öncə səfir çıxış edib. Onlayn konsert sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.

 

Oktyabrın 8-də isə sərgi çərçivəsində Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov tərəfindən Qabriel Qarsia Markesin əsərlərindən bəhs edən təqdimat olacaq.

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.5.