Milli Kitabxanada Bolqarıstana və Gürcüstana dair daimi guşələr açılıb

 

Xəbər verildiyi kimi, Milli Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində müxtəlif tədqimatlar keçirib.

 

Oktyabrın 8-də Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında sərginin qonaqları – Müqəddəs KirilMefodi adına Bolqarıstan Milli Kitabxanası və Gürcüstan Milli Parlament Kitabxanası rəhbərlərinin iştirakı ilə bu ölkələrə dair daimi guşələrin açılışı olub.

 

Mərasimdə Azərbaycan Milli Kitabxanasının dəvəti ilə sərgiyə gələn Rusiya, Qırğızıstan və Özbəkistan nümayəndə heyətləri də iştirak ediblər. Qonaqlar öncə kitabxana ilə tanış olublar.

 

Milli Kitabxananın direktoru Kərim Tahirov diqqətə çatdırıb ki, Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşə var. Zaldakı kompüterlər vasitəsilə artıq Bolqarıstan və Gürcüstan kitabxanalarının elektron kataloquna da birbaşa daxil olmaq mümkündür.

 

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov çıxış edərək Azərbaycan Milli Kitabxanasında ölkəsinə aid guşənin yaradılmasından şad olduğunu bildirib. Qeyd edib ki, bu, gələcək mədəni əlaqələrin inkişafı üçün yaxşı zəmindir.

 

Gürcüstanın Azərbaycandakı səfirinin müavini Revaz Sakvarelidze bildirib ki, iki ölkə arasında əlaqələrin tarixi çox zəngindir. Çox sevindirici haldır ki, bu gün bu əlaqələrin bir göstəricisi kimi Azərbaycan Milli Kitabxanasında Gürcüstana dair daimi guşə açılır.

 

Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira AleksandrovaGürcüstan Milli Parlament Kitabxanasının Kitabxana resursları şöbəsinin müdiri Levan Taktakishvili guşələrin yaradılmasına görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Kərim Tahirov onu da diqqətə çatdırıb ki, bir neçə gün sonra Bolqarıstan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olacaq, eyni zamanda Bolqarıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq.

 

Qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Salam, Azərbaycan!” kitabları və digər hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.5.