Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsini təqdim edir

 

 

44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin ailələri, yaxınları ilə bərabər, tarixi Qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, xalqımıza sonsuz sevincqürur hissləri yaşadan igid qazilərimiz də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

 

Tarixi Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Onlardan on nəfər Vətən müharibəsinin qazisidir.

 

Adlarını Azərbaycanın tarixinə həkk etmiş bu igidlərin ölkə ictimaiyyəti tərəfindən daha geniş tanınması məqsədilə Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinə başlayıb. Layihə çərçivəsində qazi mədəniyyət işçilərimiz haqda videoçarxlar hazırlanaraq yayımlanacaq. Onların 44 günlük müharibədə göstərdikləri şücaət, ailə üzvləri, doğmaları, döyüş yoldaşları ilə söhbət və müsahibələrdən ibarət videoçarxda qazilərimizin mədəniyyət sahəsində fəaliyyəti də əks etdiriləcək.

 

“Səhnədən səngərə: Qazilər” layihəsinin birinci buraxılışı Firdovsi Eyvazov haqqındadır. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən Firdovsi Eyvazov ağır yaralansa da, yenidən savaşın ən qaynar nöqtəsinə qayıdır. Qələbə xəbərini isə möhtəşəm rəqsi ilə qarşılayır. Çünki o həm Vətənini ürəkdən sevən cəsur əsgər, həm də sənətinə bağlı peşəkar rəqqasdır.

 

 Mədəniyyət.- 2021.- 22 oktyabr.- S.3.