Avropanın aparıcı mədəni və ekskursiya destinasiyası

 

 

Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə “Avropanın aparıcı mədəni destinasiyası” və “Avropanın aparıcı ekskursiya destinasiyası” nominasiyalarında birinci yerə layiq görülüb.

 

Dövlət Turizm Agentliyindən bildirilib ki, qaliblərin elan olunması mərasimi oktyabrın 22-də virtual formatda keçirilib.

 

Qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mükafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ölkəmiz Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır:Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

 

Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin turizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qarabağa xas turizm məhsullarının inkişaf etdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, ATB ölkəmizdəki mədəni müxtəlifliyi, eləcə də UNESCO-nun siyahılarında yer alan abidələrin turistlər arasında təbliği, ekoloji turistik məhsulların hazırlanması istiqamətində layihələr həyata keçirir.

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.8.