Zəngilandakı Səkkizguşəli türbə bərpa olunacaq

 

Zəngilan təbii-coğrafi şəraiti, mədəni irsi, tarixi abidələri ilə seçilən bölgələrimizdəndir. 27 il davam edən erməni işğalı dövründə rayonun bütün yaşayış məntəqələri, infrastrukturu dağıdılıb, talan edilib. Geriyə isə yaddaşlara hopmuş xatirələr, arxivlərdə saxlanılan fotolar qalıb. Oktyabrın 20-də işğaldan qurtuluşunun ildönümünü qeyd edən Zəngilan şəhəri də, rayonun qəsəbə və kəndləri də tezliklə yenidən dirçələcək...

 

Zəngilan işğaldan azad olunduqdan sonra rayon ərazisindəki tarix-mədəniyyət abidələrinə baxış keçirilib, onların hazırkı  vəziyyəti qeydə alınıb, inventarlaşma aparılıb. Təəssüf ki, işğala məruz qalmış digər ərazilərimiz kimi, Zəngilanda da tarixi abidələrin əksəriyyəti dağıdılıb, vandalizmə məruz qalıb.

 

Rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 19 tarix-mədəniyyət abidəsindən 8-i ölkə əhəmiyyətli, 11-i yerli əhəmiyyətli abidələrdir. Bunlardan Səkkizguşəli türbə, Dairəvi qüllə, Qız qalası kimi tarix-memarlıq abidələrini, Şəhri Şərifan kimi arxeoloji abidələri qeyd etmək olar.

 

Məmmədbəyli kəndində yerləşən və ölkə əhəmiyyətli abidə kimi qeydə alınan Xacə Yəhya Məhəmməd oğlu türbəsi tikinti formasına görə Səkkizguşəli türbə adlı ilə də tanınır. Memarlıq üslubu ilə seçilən türbə 1304-1305-ci illərdə inşa olunub. Türbənin ətrafında Orta əsr qəbiristanlığı yerləşir. Tarixi tikilinin səkkizbucaqlı formada piramidalı günbəzlə tamamlanan divarları xaricdən və daxildən yonulmuş daşla üzlənib.

 

Türbənin mövcud olduğu ərazi kəndin ən hündür yerində yerləşir. Abidənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. 1975-ci ildə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış.

 

Türbənin maraqlı və orijinal kitabəsi var. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, türbənin memarı və bənnası Əli Məcdəddin olub. Araşdırmaçıların fikrincə, Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub.

 

İşğala son qoyulduqdan sonra azad olunmuş ərazilərdə yerləşən tarix-memarlıq abidələrinin bərpa və konservasiya edilməsi istiqamətində müəyyən işlər həyata keçirilir. İnanırıq ki, yaxın zamanda Zəngilandakı Səkkizguşəli türbə də bərpa olunaraq, əvvəlki əzəmətinə qaytarılacaq.

 

Fariz HÜSEYNLİ

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.6.