Rəssamlığın tədrisi yüksək olanda

 

Azərbaycan rəssamlığının tarixi çox-çox uzaqlara gedib çıxsa da, onun tədrisi məsələsinin öyrənilməsinə uzun müddət diqqət yetirilməmişdir. Yalnız müstəqillik illərində təhsil tarixini öyrənən tədqiqatçı-alim E.Vahabova bu problemi tədqiqat obyektinə çevirə bilmişdir.

 

Bundan əlavə, məlum olmuşdur ki, bu sənətin öyrənilməsi metodikası ilə bağlı hələ Orta əsrlərdə yazılmış bir çox yazılı materiallar bizim dövrə gəlib çatmışdır. Daha dəqiq desək, XV-XVII əsrlərdə Yaxın və Orta Şərq ölkələri xalqlarının mədəniyyətinə və incəsənətinə həsr edilmiş bir sıra mənzum və mənsur risalələr yazılmışdır. Bütün bunlarla yanaşı, demək lazımdır ki, XII-XVII əsrlərdə sənətkarlığa aid yazılmış risalələrin heç birində rəssamlığın sırf əməli və nəzəri məsələlərindən bəhs edilmir. Bu nöqteyi-nəzərdən XVI-XVII əsrlərdə yaşamış Azərbaycan şairi və rəssamı Sadiq bəy Əfşarın “Qanun-üs-süvər” (“Təsvirlər qanunu”) adlı mənzum risaləsi, demək olar ki, nadir bir nümunə hesab edilə bilər. Zamanına görə çox dəyərli olan və məzmunu on altı bölməni əhatə edən risalədə Sadiq bəy Əfşar verdiyi texniki təlimat və müxtəlif göstərişlər hər kəsə müstəqil olaraq yaradıcı proseslə məşğul olmağa imkan verir, desək, həqiqəti söyləmiş olarıq.

 

XIX əsrdə Mir Möhsün Nəvvabın Şuşadakı üsuli-cədid məktəblərinin birində dərs dediyini xatırlasaq, onun burada ən azı rəssamlığa meyilli uşaqlara nəzəri-təcrübi dəstək verdiyini ehtimal etmək olar. Bu fənnin sonrakı illərdə tədrisi yalnız Tiflisdə Qafqaz Təhsil Dairəsinin yaradılmasından – Bakıda da bəzi tədris müəssisələrində bu fənnə diqqət yetirilməsindən sonra baş tutmuşdur. Əlavə edək ki, Azərbaycandakı neft milyonçuları da himayələrində olan obyektlərdə rəsmetmə fənninin tədrisinin təcrübi əhəmiyyətini nəzərə almaqla, onun tədrisini genişləndirməyə müəyyən təkan veriblər. Ölkənin sovetləşməsindən sonra isə bu sahədə  vəziyyət yaxşılığa doğru xeyli dəyişmişdir. Bakıda xüsusi rəssamlıq məktəbinin açılması ilə yanaşı, orta məktəblərdə də rəsmetmə fənninin tədris proqramına daxil edilməsi, bu sahəyə olan marağın güclənməsinə səbəb olmuşdur. Zamanın axarında təsviri sənətə aid dərsliklər də yazılmışdır. H.Ələkbərov, V.Xəlilov, M.Məmmədova, Ş.Vəliyeva və başqalarının müəllifliyi ilə çap olunan dərsliklər, nə qədər mövcud proqramlara müvafiq tərtib olunsalar da, məna-məzmun və metodik göstərişlərinə görə qənaətbəxş deyildilər. Odur ki, müstəqillik dövründə yeni dərsliklərin hazırlanması günün tələbinə çevrilmişdi.  Bu önəmli məsələyə gənc mütəxəssislərin maraq göstərmələri müasir ruhlu tədris materiallarının hazırlanmasını şərtləndirdi. Belə vəsaitləri hazırlayan gənclərdən biri də Kəmalə Cəfərzadə idi.

 

Onun 2008–2016-cı illərdə yeni fənn kurikulumu əsasında hazırlanmış I-IX siniflər üçün “Təsviri incəsənət” dərslik komplektləri (dərslik, metodik vəsait, dəftəri) bu sahədə fəaliyyət göstərən mütəxəssislərin ciddi marağına səbəb olmuşdu. Məsələ burasındadır ki, sovet dönəmində əsasən I-VI siniflərdə tədris olunan təsviri incəsənət fənninin əhəmiyyətinin dərki, müstəqillik illərində onun əhatə dairəsinin bir az genişləndirilməsini –  I-IX siniflərdə öyrədilməsini şərtləndirdi. Bu mənada yuxarı siniflərdə bu fənnin proqramını uşaqların yaş dərəcəsinə müvafiq məntiqli məna-məzmun tutumu ilə tərtib etmək elə də asan deyildi. Amma Kəmalə xanımın rəssam-pedaqoq yanaşması sayəsində bu problemli məsələnin uğurlu həlli tapıldı. Elə bunun nəticəsidir ki, yeni proqramları və dərslikləri əhatə edən mövzular bütün uşaqlarla yanaşı, bu sahəyə ciddi maraq göstərənlərin – gələcəyini rəssamlıqla bağlamaq arzusunda olanların fəaliyyətinə yönəldici təsir göstərə bilmək tutumundadır. 2009-2010-cu tədris ilində Kəmalə Cəfərzadənin ölkə  başçısının sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində I yerə layiq görülməsi, 2014-cü ildə isə “Tərəqqi” medalı ilə təltif olunması onun rəsmetmənin orta məktəblərdə tədrisinə verdiyi töhfəyə layiqli qiymət oldu.

 

Onun rəsmetmənin metodikası ilə bağlı tətbiq etdiyi yanaşmaların sorağı az sonra müxtəlif beynəlxalq forum və müsabiqələrdən, yerli treninq və təlimlərdən gəldi. Kəmalə xanımın “Azərbaycan müəllimi” qəzetində, “Kurikulumelmi-metodik jurnalında, “Memarlıq, şəhərsalma tarixi və bərpası” toplusunda, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi əsərlər toplusunda məqalələrinin və dərs nümunələrinin dərc olunması, konfranslarda çıxışları da başladığı işin tanınma və yayılma miqyasını genişləndirdi.

 

Kəmalə Cəfərzadə yetişməkdə olan yeni nəslə təsviri sənətin nəzəri-təcrübi sirlərini də öyrədir, 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində və özünün təsis etdiyiKamART” incəsənət qalereyasında nəzəri düşüncələrini təcrübi olaraq həyata keçirir. Qalereyada məşğul olan uşaqların son illər respublikada keçirilən sənət yarışmalarında uğurlar qazanmaları da, heç şübhəsiz, burada gerçəkləşən məşğələlərin metodiki baxımdan düzgün aparılmasının nəticəsidir.

 

Kəmalə xanımın rəngkarlıq və qrafika sahəsində yaratdığı əsərlərin davamlı olaraq müxtəlif sərgilərdə  nümayiş etdirməsini də yaxşı hal – nəzəriyyə ilə təcrübənin vəhdətinin uğurlu nəticəsi saymaq mümkündür. Son illərdə ayrı-ayrı janrlarda ərsəyə gətirdiyi tabloqrafik lövhələrdə onun realizm cərəyanına tapınmağının cəlbedici nəticələrini müşahidə edirik. Müəllifin mənzərə və natürmort janrlarına xüsusi rəğbət bəslədiyi qabarıq görünməkdədir. Natürmort janrının ənənəviləşmiş estetikasına yeni və incə çalarlar əlavə etməyə çalışması isə davamlı müşahidələrinin nəticəsi hesab olunmalıdır. Təsviri sənətin tədrisi metodikası sahəsində öz sözünü demiş rəssam-pedaqoqa yaradıcılığında da yeni uğurlar arzulayırıq.

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.7.