Həm yaralı, həm də ailənin tək övladısan...

 

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullardan birikiçik çavuş Emin Tahir oğlu İsmayılovdur.

 

Emin 21 may 2001-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi əslən Cəbrayıl rayonundandır. 1993-cü ildə rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda yurdundan didərgin düşən ailə sonradan Bakıda məskunlaşıb. Emin 54 saylı tam orta məktəbi bitirib.

 

Ailənin tək övladı olan Emin doğma el-obasının düşmən tapdağında qalması ilə heç cürə barışmır, qisas gününü səbirsizliklə gözləyirdi. O, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. Goranboy rayonundakı N saylı hərbi hissədə xidmətdə olduğu vaxtda Vətən müharibəsi başlanır. Emin torpaqlarımızın işğaldan azad olunması ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak edir. Suqovuşan, Kəlbəcər istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərir. Çox sayda yaralı şəhidlərimizi döyüş meydanından çıxarır.

 

Döyüşlərin birində ayağından güllə yarası alır. Yaralı olmasına baxmayaraq, əsgər yoldaşlarını tək buraxmır, doqquz yaralını döyüş meydanından çıxarmağa nail olur. Komandiri onun yaralı evin tək oğlu olduğunu nəzərə alaraq əmr edir ki, çox irəli getməsin. Lakin Emində olan mərdlik, Vətənə bağlılıq hissinin qarşısını heç kəs ala bilmir. O, oktyabrın 6-da Kəlbəcər rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur.

 

Şəhidin xalası oğlu Elvin Əhmədov deyir: “O da, mən ailənin tək övladı olduğumuz üçün aramızda xalaoğlu yox, qardaş bağı var idi. Vətən müharibəsi başlayanda Emin mənə belə bir mesaj yazdı: “Qardaş, burada müharibə gedir, Ordumuz irəliləyir. Amma taleyin işini bilmək olmaz. Anam, xalam sənə əmanətdir. Haqqını halal elə”. Mən söylədim ki, Emin, məni qardaşsız qoyma. Hələ zarafat edərək gəl evdəkilərə özün bax dedim. Sonuncu dəfə Eminlə sentyabrın 30-da əlaqə saxladıq. Dedik, güldük, anamla, xalamla danışdı. O gündən sonra Eminlə əlaqə qura bilmədik. Noyabrın 26-da şəhid xəbərini aldıq. Emin Vətənə bağlı övlad idi. Allah Eminə bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Emin İsmayılov noyabrın 27-də II Fəxri xiyabanda torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonraVətən uğrunda”, “Suqovuşanın azad olunmasına görəCəsur döyüşçümedalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.6.