Arəstə Baxışovanın xatirəsi anılıb

 

Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin tək xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxıs­̧ovanın anım mərasimi keçirilib. Tədbirdə şəhidin doğmaları, şəhid ailələri, qazilər iştirak ediblər.

 

Çıxış edənlər şəhidimizin doğmalarına səbir diləyib, ruhuna dualar ediblər. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adlarını tarixə yazdıran şəhidlərimizin xatirəsi daim hörmət və ehtiramla yad ediləcəyi vurğulanıb. Qeyd olunub ki, yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən həlak olan Arəstə Baxışova xalqımızın qəhrəman qızı kimi şəhadət zirvəsinə yüksəlib.

 

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Prezidentin müvafiq sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.6.