Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün

 

İstiqlal Muzeyində növbəti sərgi

 

 

 

Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində növbəti sərgi-tədbir təşkil olunub.

 

Tədbirdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən söz açılıb. Qeyd edilib ki, Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı dövlətimizin, ümumilikdə cəmiyyətimizin ümdə məsələlərindən biridir.

 

Sonra tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri – polkovnik-leytenant Rəşad Quliyev, eyni gündə şəhidlik zirvəsinə ucalmış iki qardaş  kiçik çavuş Əli Əhmədov və müddətdən artıq hərbi qulluqçu İslam Əhmədov, Ermənistan silahlı qüvvələrinin cəbhə  xəttindən uzaqda dinc sakinlərə qarşı törətdiyi terrorun qurbanı Fidan Qurbanovaya həsr olunan sərgi ilə tanış olublar.

 

Sərgidə şəhidlərin İstiqlal Muzeyinə təqdim olunmuş şəxsi əşyaları, fotoşəkillər nümayiş olunur.

 

Tədbirdə şəhid ailələri, paytaxtdakı 316 nömrəli tam orta məktəbin şagirdləri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak ediblər.

 

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” silsiləsindən növbəti sərgi oktyabrın 31-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.6.