“Şəhidlik əbədi zirvədir” kitabı Moskvada təqdim olunub

 

Rusiyadakı Azərbaycan diasporunun fəallarından biri, iqtisadiyyat elmləri namizədi, dosent Aybəniz Rüstəmovanın “Şəhidlik əbədi zirvədir” (“Stalo veçnoy slavoy qeroyskaya smert”) kitabının təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Rusiyadakı Səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri, rusiyalı ziyalılar iştirak ediblər.

 

Kitabda 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar yer alıb. Tədbiri Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti İlqar Hacıyev açaraq qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edib. Bu tarixi Qələbəyə görə şəhidlərimizə əbədiyyən borcluyuq.

 

Kitabın hələlik yalnız birinci cildinin nəşr olunduğunu bildirən müəllif Aybəniz Rüstəmova deyib: “Birinci cilddə Qarabağ uğrunda canından keçən şəhidlərimizdən 577-si haqqında məlumat yerləşdirilib. Bu kitabın növbəti cildlərində hissə-hissə üç minə yaxın şəhidimiz haqqında ətraflı məlumat verəcəyik. Ümumilikdə beş cildlik kitab nəşr etməyi planlaşdırırıq. Harada yaşamağımızdan asılı olmayaraq, biz tariximizi, Qarabağ uğrunda şəhid olan soydaşlarımızı unutmamalı, onların adlarını gələcək nəsillər üçün əbədiləşdirməliyik”.

 

Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik Qarabağ müharibəsinin şəhidlərindən bəhs edən kitabın orijinal xatirə janrında yazıldığını bildirib: “Kitabda hər bir şəhid haqqında ətraflı məlumat yer alıb. Müəllif kitabda Azərbaycanda Vətəni üçün canından keçməyə hazır olan gənc nəslin yetişdiyini qürurla ifadə edə bilib. Sözsüz ki, bu, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün görülən işlərin bəhrəsidir”.

 

Rusiyanın Xalq rəssamı Nikas Safronov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov, rəssam Rauf Məmmədov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, politoloq Ruslan Səfərov və başqaları Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.3.