Ölkəmizdə multikultural cəmiyyətin formalaşmasında Nizaminin rolu var

 

Sammitin ikinci günü panel iclaslarla davam edib

 

 

Azərbaycan İnvestisiya Mədəniyyət Sammitinin ikinci günü, oktyabrın 28-də “Baku Marriott Boulevard Hotel”də Mədəniyyət Nazirliyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı iləRegionun əsas sosial iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxışmövzusunda panel iclası keçirildi.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov iclası açaraq qonaqları salamladı.

 

 

XII əsrlə müasir dövrü birləşdirən universal mənəvi körpü

 

 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev Azərbaycan xalqı üçün Nizami Gəncəvi fenomeninin əhəmiyyətini vurğuladı. Dedi ki, Nizami Gəncəvini digər şairlərdən fərqləndirən bir sıra xüsusiyyətlər var. Onun ən böyük üstünlüyü əsərlərinin bütün bəşəriyyətə yönəlməsidir: “Dahi şair əsərlərində insan cəmiyyətinə ensiklopedik yanaşma nümayiş etdirib. Azərbaycanda multikultural bir cəmiyyətin yetişməsində, şübhəsiz ki, Nizami Gəncəvinin də rolu var. Bildiyiniz kimi, Nizami Gəncədə doğulub, orada yaşayıb və vəfat edib. O, Gəncədən kənara çıxmamasına baxmayaraq, əsərlərində böyük bir coğrafiyanı əhatə edib. Məsələn, “İsgəndərnamə” poemasında yaşadığı məkandan çox-çox uzaq bir məmləkətdə bir padşahı özünə obraz seçməsi və onu ideal bir hökmdara çevirməsi. Yaxud hərəsi bir xalqı təmsil edən insanların yer aldığı “Yeddi gözəl” əsəri”.

 

Nazirin birinci müavini bildirdi ki, bəzi şairlər gözəlliyi zahirən təsvir ediblər. Amma Nizami Gəncəvidə gözəllik xoşxasiyyətlilik, təbiəti, insanları, bütün nemətləri sevmək mənasını verir. Nizami insanın gözəl olmasını onun şəxsi işi kimi görür: “Nizaminin əsərlərini Azərbaycan xalqı tərcümələr vasitəsilə oxuyur. Həmin dövrdə fars dili ədəbi dil idi. Dahi şair də əsərlərini məhz bu dildə qələmə alıb. Nizami Gəncəvi XII əsrlə müasir dövrü birləşdirən universal mənəvi bir körpüdür. Bugünkü prizmadan baxsaq, Nizami peşəkar bir ssenaristdir. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bizim ədəbi fikrimizin Nizami kimi zirvəsi var”.

 

 

 

Nizami bu bölgənin kimliyini bildirən şəxsiyyətdir”

 

 

 

Kəşmir Universitetinin (Hindistan) islamşünaslıq üzrə professoru Nasim Əhməd Şah Nizami Gəncəvinin müdrikliyinin bütün dövrləri əhatə etdiyini bildirdi: “Mən alimlərə müraciət edirəm ki, Nizaminin əsərlərinə, düşüncələrinə yenidən baxılsın. Onun düşüncələrində yenidən nələrisə kəşf etmək olar”.

 

Hindistanda da Nizami yaradıcılığına böyük dəyər verildiyini söyləyən alim Nizaminin çoxsaylı əlyazmalarının bu gün də Hindistanın kitabxanalarında, elmi mərkəzlərində qorunub saxlanıldığını diqqətə çatdırdı.

 

Kəşmir Universitetinin professoru Qulam Nabi Xaki çalışdığı təhsil ocağında tələbələrin Nizaminin əsərləri və onunla bağlı araşdırmalarla tanış olduqlarını bildirdi: “Biz universitet olaraq Nizami əsərlərini gənclərimizə əlçatan etmək üçün çalışırıq. Nizami Gəncəvi bu bölgənin kimliyini bildirən şəxsiyyətdir. Çalışmalıyıq ki, Nizami irsini gələcək nəsillərə ötürək. Nizami kimi dahi şairlər, mütəfəkkirlər böyük dəyərlər formalaşdırırlar. İnanıram ki, Nizami dəyərlərindən bütün dünya faydalanacaq”.

 

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRCİCA, Türkiyə) rəhbəri, professor Mahmud Erol Kılıç vurğuladı ki, Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri tədqiq etmək, ideyalarını yaymaq çox vacibdir:Biz mükəmməl cəmiyyət yetişdirmək istəyiriksə, özümüzdə dəyişiklik etməliyik. Nizami yaradıcılığını uşaqlara məktəbdə mükəmməl öyrətmək lazımdır. Çünki onun yazdıqları başdan-başa həyat dərsi, ibrətamiz biz mənbədir. Nizami Gəncəvi, Şəms Təbrizi, Seyid Yəhya Bakuvi kimi bir çox mütəfəkkirlər var ki, onları mütləq kəşf etmək lazımdır. Bu dövrdə biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik”.

 

 

“Ölkələrin uğurlarını fərqləndirən onların mədəniyyətidir”

 

 

 

Həmin gün sammit çərçivəsində “Gələcək sərmayələrdə mədəniyyət müstəvisi” mövzusunda daha bir panel iclası gerçəkləşdi.

 

Giriş sözü ilə çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İCYF) baş məsləhətçisi Fadila Grine qonaqları salamladı, məruzəçiləri təqdim etdi.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, mədəniyyət bizi beşikdən məzara kimi müşayiət edən faktordur: “İnanırıq ki, mədəniyyət, sadəcə, mahnı, şeir, ədəbiyyat, teatr, kinodan ibarət deyil. Bunlar mədəniyyətin konkret bir təzahürüdür. Bugünkü iclasın əsas məqsədi mədəniyyətlə iqtisadiyyatın əlaqəsini vurğulamaqdır. Hər bir ölkənin iqtisadi uğuru həm də onun mədəniyyəti ilə bağlıdır. Çünki ölkənin iqtisadiyyatı şirkətlərdən, banklardan ibarətdir. Şirkət və bankların fəaliyyəti isə öz növbəsində orada dominant olan mədəniyyətə bağlıdır. Demək olar ki, bütün ölkələr bu sahə üzrə eyni qaydanı tətbiq edir. Lakin eyni qaydaları tətbiq edən ölkələrin uğurları fərqlidir. Çünki bu qaydalar müxtəlif mədəniyyətlər çərçivəsində tətbiq olunur. Bu ölkələrin də uğurlarını fərqləndirən onların mədəniyyətidir. Bu baxımdan Azərbaycan Mədəniyyət Nazirliyi olaraq istəyərdik ki, mədəniyyətimiz də daha geniş anlamı ifadə etsin. Azərbaycan cəmiyyəti bizi Qələbəyə aparan mədəniyyəti yalnız müharibə zamanı yox, gündəlik həyatda da tətbiq etsin. Biz istəyirik ki, yalnız müharibə vaxtı öz bayrağımız, dəyərlərimiz, mədəniyyətimiz ətrafında səfərbər olmayaq. İndi sülh zamanında dəyərlərimiz ətrafında səfərbər olmalıyıq. Biz Azərbaycanın uğurlu gələcəyini təmin etməliyik. Yeganə çıxış yolu məsuliyyətli mədəniyyəti tətbiq etməkdir. Bunu tətbiq etmək üçün kifayət qədər dəyərli mədəni irsimiz var. Özümüz dahilərimizə, dəyərlərimizə sahib çıxsaq, ölkəmizi gələcəkdə də uğurlu edə bilərik. Biz heç kimin gözləmədiyi halda Qələbə qazandıq. Bu, demək olar ki, bizim mədəniyyətimizin qələbəsidir. Bizim mədəniyyətimizdi ki, belə Ali Baş Komandan, Vətən uğrunda canını fəda edən oğullar yetişdirib. İstəyirik ki, cəmiyyət olaraq bu işdə vətəndaşlarımız Mədəniyyət Nazirliyinə dəstək versinlər”.

 

Türk Hava Yolları” (THY) baş direktorunun insan resursları üzrə köməkçisi Abdulkərim Çay bildirdi ki, təmsil etdiyi qurumun ən böyük uğuru insan resurslarıdır: “Biz dünyada uçuş üçün ən çox istifadə edilən hava yolu şirkətiyik. Şirkətimizdə 140-dan çox fərqli millətdən olan insan çalışır. Pandemiya dövründə bütün dünyada qazanc əldə edən yeganə hava yolu şirkəti Türk Hava Yolları oldu. Bunun ən böyük səbəbi insan resursları və onların sahib olduğu mədəniyyətdir”.

 

Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Elməddin Mehdiyev agentlik haqqında məlumat verdi. Bildirdi ki, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə beynəlxalq əməkdaşlığın, sülhün və bərabərliyin gücləndirilməsi məqsədilə xarici dövlətlərə Azərbaycan xalqının yardımını çatdıran AİDA respublikamızın xarici siyasət prioritetlərinin uğurla həyata keçirilməsinə xidmət edir.

 

Keçmişdə insanların fərqli sahələrə investisiya yatıranda ola bilsin ki, mədəni aspektləri gözardı etdiyini vurğulayan E.Mehdiyev iqtisadi səbəblərdən fərqli olaraq mədəni səbəblərin investisiyanın uğur qazanmasına mütləq təsir edəcəyinə inamını bildirdi.

 

Tatarıstan İnvestisiya İnkişafı Agentliyinin (Rusiya) nümayəndəsi Alina Ravzutdinova ölkəsinin mədəni həyatı haqqında danışdı. O, Tatarıstanda 170-dən çox ölkənin vətəndaşlarının sülh şəraitində yaşadığını bildirdi.

 

Sonda mövzu ətrafında tədbir iştirakçılarının sualları cavablandırıldı.

 

Qeyd edək ki, oktyabrın 29-da isə sammit iştirakçıları ŞuşaFüzuli şəhərlərinə səfər edəcək, Gəncə şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak edəcəklər.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.3.