Milli ruhumuzun bayramı Zəfər notlarına köklənəcək

 

Tariximizə şan və şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində tarixi Zəfərin ildönümü yaxınlaşır. Bir il öncə bu günlər Azərbaycan xalqı, eləcə də dünya azərbaycanlıları Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən torpaqlarını kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etməsindən sonsuz həyəcan və qürur içində idi. Qalibiyyət soraqlı xəbərlər bir-birini əvəz etdikcə hər kəs bu Zəfər yürüşünə tac olacaq ən böyük müjdəni gözləyirdi... 2020-ci ilin 8 noyabrında müzəffər Ali Baş Komandan bu müjdəni – Qarabağın baş tacının, mədəniyyətimizin beşiyinin azad olunması xəbərini bizlərə verdi. Bu, otuz ilin intizarına, yurd həsrətinə son – milli ruhumuzun bayramı idi.

 

Bir ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, Zəfər ruhumuzu alovlandırır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr tarixində şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlər bunun təsdiqi olacaq.

 

Zəfər ruhlu rəngarəng tədbirlər ölkənin aparıcı teatr-konsert müəssisələrində qabaqcıl kollektivlərin iştirakı ilə gerçəkləşəcək.

 

Qələbə notlarına köklənmiş proqram 2 noyabrda Heydər Əliyev Sarayında “Qarabağ bizimdir Zəfər konserti (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri) ilə başlayacaq. 3 noyabrda Kamera Orqan Musiqisi Zalında gənc istedadların iştirakı ilə Zəfər Gününə həsr olunan musiqi gecəsi, noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın səsiadlı milli musiqi axşamı (tədbir həm Xan Şuşinskinin 120 illiyinə həsr olunur) keçiriləcək. Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər 5 noyabrda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı Zəfərə şəhidlərin xatirəsinə həsr olunmuş “4.4 Qısa Tamaşalar Festivalı”nın yekun mərasimi, 6 noyabr tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Zəfər” konserti (tamaşaçı qismində şəhid qazi övladları dəvət olunacaq) ilə davam edəcək.

 

Proqrama həmçinin noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək “Jazz says Victory” caz axşamı və Heydər Əliyev Sarayının ilk dəfə təqdim edəcəyi “Qarabağ şikəstəsi” oratoriyasının (bəstəkar Vasif Adıgözəlov) musiqili-xoreoqrafik səhnə versiyası, eləcə də 10 noyabrda Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Xalq artisti Sərdar Fərəcovun “Cavad xan” baletinin nümayişi daxildir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş, Vətən müharibəsindəki şanlı Qələbəyə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də bu ərəfədə elan olunacaq.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.1.