Paytaxtımızda “Caz
səsləri” eşidilir...
Yeni layihə Bakı Musiqi Akademiyasının yubleyinə həsr olunub
Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində “Caz səsləri” (“Jazzery Voices”) layihəsinin açılışı keçirildi. Layihə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti, “Jazzery Voices” layihəsinin müəllifi Turan Məmmədəliyeva Bakı Musiqi Akademiyasının tarixi bağlı fikirlərini bölüşdü. Bildirdi ki, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli özündən sonra parlaq iz qoyub. Məhz onun davamçısı olmuş sənətkarlar sayəsində musiqi mədəniyyətimiz müxtəlif janrlarda inkişaf edərək dünyaya inteqrasiya olunub.
Ölkəmizdə caz sənətinin inkişafı haqqında söz açan T.Məmmədəliyeva qeyd etdi ki, Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda qoyulub. Bakıda Niyazi və Tofiq Quliyev “Dövlət cazı” adı ilə tanınan Dövlət Estrada Orkestrini yaradıblar. Orkestrin ilk konsert proqramına klassik cazla yanaşı, Niyazinin və Tofiq Quliyevin əsərləri də daxil edilib. Kollektiv həmin dövrdə böyük populyarlıq qazanıb. Sonrakı dövrlərdə Bakıda bir çox caz orkestrləri yaranıb və müasir günümüzdə də caz sənətinin görkəmli imzaları ölkəmizi beynəlxalq festivallarda layiqincə təmsil edirlər.
Daha sonra layihənin ilk konserti gerçəkləşdi. Gənc caz
ifaçısı Nərmin
Məmmədlini səhnədə
pianoçu Afşin Əlizadə, bas-gitarada Nicat Paşazadə və zərb alətlərində Həsən
Bilalov müşayiət
edirdi. Konsert proqramı maraqla
qarşılandı.
Qeyd edək ki, noyabrın
6-dək davam edəcək
konsertlərdə “Bakustik
Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı
musiqisevərlərin könlünü
oxşayacaq.
“Jazzery Voices” layihəsi
noyabrın 6-da Beynəlxalq
Muğam Mərkəzində
Zəfər bayramına
ithaf edilən “Jazz
Says Victory” adlı qala-konsertlə
yekunlaşacaq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 29
oktyabr.- S.5.