Ermənistanın işğal dövründə törətdiyi cinayətlərdən bəhs edən yeni sayt

 

Oktyabrın 28-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.armeniancrimes.com resurs bazasının təqdimatı olub.

 

Portalın işçi qrupunun üzvü Aliyə Məmmədli bildirib ki, hazırlanan resurs bazasının məqsədi Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Təqdim olunan məlumatların hər biri yerli və beynəlxalq mənbələrə əsaslanaraq, konkret faktlarla çatdırılır.

 

Qeyd olunub ki, portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənəcək. “Erməni vandalizmi” bölməsində dağıdılıb talan edilmiş tarix-mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğaldan sonra həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilir.

 

Portalda ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə diqqəti cəlb edən üsullarla çatdırmaq üçün hazırlanmış posterlər də yer alıb. Ayrı-ayrı məlumatlarla yanaşı, ingilis dilində alt yazı və musiqi müşayiəti ilə qısa videoçarxlar da hazırlanıb.

 

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, vandalizm aktlarının dünyaya çatdırılmasında bu kimi portalların yaradılmasının əhəmiyyətindən söz açıb.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.2.