Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

 

 

Audiovizual sektordan kitab sənayesi və nəşriyyat işinədək bir çox sahələrdə imkanlar var

 

 

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Xorvatiyada səfərdə olub.

 

Səfər çərçivəsində Anar Kərimovun Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obulyen Korjineklə görüşü keçirilib.

 

Azərbaycan nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirən xorvatiyalı nazir iki ölkə arasında münasibətlərin, o cümlədən mədəni əlaqələrin inkişafına böyük önəm verdiklərini vurğulayıb. Qeyd edib ki, Xorvatiyada inkişaf etmiş mühüm sahələrdən olan audiovizual sektorun əsas prinsiplərini qarşı tərəflə bölüşməyə hazırdırlar. O, həmçinin 2021-ci ilin XorvatiyadaOxu ilikimi qeyd olunduğunu diqqətə çatdıraraq, Azərbaycanla kitab sənayesi, nəşriyyat işi sahəsində əməkdaşlığın şaxələndirilməsi, eləcə də tərcümə sahəsinin gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

 

Nina Obulyen Korjinek işğaldan azad olunmuş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində Xorvatiyadan olan mütəxəssislərin təcrübələrini bölüşməyə hazır olduqlarını deyib. O, söhbət zamanı həmçinin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” platforması çərçivəsində keçirilən tədbirlərdə iştirakından məmnunluğunu ifadə edib.

 

Anar Kərimov öz növbəsində Azərbaycanla Xorvatiya arasındakı əməkdaşlığın bir çox sahədə uğurla davam etdiyini vurğulayaraq, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və mədəniyyət sahəsində əlaqələrin hər iki tərəf üçün önəmini qeyd edib. Nazir işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsində, habelə yenidənqurma və bərpa məsələlərində Xorvatiyanın ölkəmizə dəstək göstərmək niyyətini yüksək qiymətləndirib.

 

Mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən bəhs edən Anar Kərimov iki ölkənin milli kitabxanaları və dövlət muzeylərinin əlaqələrinin daha geniş vüsət alacağından əminliyini bildirib. Mədəni irsin qorunması sahəsində də Xorvatiyanın təcrübəsindən faydalanmağın əhəmiyyəti qeyd olunub.

 

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən dünya təcrübəsinə əsaslanaraq mədəniyyət siyasətinin gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm işlərin görüldüyünübu kontekstdə Azərbaycan-Xorvatiya əməkdaşlığının da önəmli olduğunu deyib.

 

Nazir həmçinin dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası ilə bağlı çağırışa xorvatiyalı həmkarının da qoşulmasından məmnunluğunu vurğulayıb.

 

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.2.