İşğaldan azad olunmuş ərazilərdəki abidələr azərbaycanlıların kimliyidir

 

İtaliyada keçirilən “Bərpa Həftəsi”ndə Ermənistanın mədəni irsimizə qarşı vandalizmi nümayiş olunub

 

 

 

Avqustun 30-dan sentyabrın 4-dək İtaliyada mədəni irs mövzusunda “Bərpa Həftəsi – 2021” adlı beynəlxalq layihə keçirilib. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə ölkənin müxtəlif şəhərlərində keçirilən layihədə ölkəmiz də təmsil olunub. “Bərpa Həftəsi – 2021”ə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı və İsraildən nümayəndə heyətləri qatılıb.

 

Tədbirlərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak ediblər.

 

“Bərpa Həftəsi”nin Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş açılış mərasimində şəhərin rəhbərliyi, təşkilatçı qurumların məsul əməkdaşları, yerli memarlar, landşaft dizaynerləri və başqaları çıxış ediblər.

 

Sentyabrın 2-də “Bərpa Həftəsi”ndə ölkəmizin təqdimatı olub.

 

Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye tərəfdaşlığı və beynəlxalq qurumlarla əlaqələr departamentinin müdiri Roberto Lovato və “Assorestauronun texniki direktoru Andrea Qriletto çıxış ediblər.

 

Çıxışlarda Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələr, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası imkanlarından söz açılıb.

 

Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycanın Ermənistan işğalından azad olunmuş ərazilərinə “Böyük Qayıdış”a hazırlıq və mədəni irsin bərpası istiqamətində görülən işlər haqqında geniş təqdimatla çıxış edib. O, Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumat verib, fotofaktları təqdim edib. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, ərazilərin minalardan təmizlənmə prosesinin davam etdiyi diqqətə çatdırılıb.

 

A.Cəfərli vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına başlanıldığı qeyd olunub.

 

Dövlət Xidmətinin rəisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.

 

Read Qasımov çıxışında İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat verib.

 

Tədbir çərçivəsində beynəlxalq bərpa sərgisi də təşkil olunub. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa üzrə qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.

 

***

 

Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi – 2021” çərçivəsində sentyabrın 3-də Matera şəhərində keçirilən tədbirdə də iştirak edib. Tok-şou formatında təşkil olunmuş tədbir təşkilatçı qurumların sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.

 

Tok-şounun aparıcısı – İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) texniki direktoru Andrea Qriletto nümayəndə heyətinə  Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarix-memarlıq abidələrinin vəziyyəti, bərpa sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarına dair suallar ünvanlayıb.

 

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, strateji əməkdaşlığın inkişafı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı İtaliyanın tutduğu ədalətli mövqedən danışıb.

 

Səfir Vətən müharibəsindən dərhal sonra İtaliyadan Azərbaycana rəsmi nümayəndə heyətlərinin səfərləri, işğaldan azad olunmuş ərazilərdəki bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunması imkanlarının müzakirəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçirilmiş görüşlər haqqında məlumat verib.

 

Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Böyük Qayıdış” prosesindən, azad olunmuş ərazilərdə yerləşən mədəni sərvətlərin Mədəniyyət Nazirliyi tərəfindən monitorinqi və dağıdılma, mənimsənilmə və vandallığa məruz qalma vəziyyətinin öyrənilməsi haqqında söz açıb. Bildirib ki, azərbaycanlı məcburi köçkünlərin yenidən öz doğma şəhər və kəndlərinə geri dönməsi tarix və mədəniyyət abidələrinin, əcdadlarımızın minillər boyunca öz həyat tərzini, həyat fəlsəfəsini və baxışını maddiləşdirdiyi tikililərin bərpasından başlayacaq. Bu, böyük bir irs, azərbaycanlıların kimliyi deməkdir. 30 il ərzində zədələnmiş hisslər yalnız abidələrimizin yenidən bərpası, qədim yaşayış məskənlərimizin abadlaşdırılması yolu ilə sağaldıla bilər.

 

Vurğulanıb ki, azad olunmuş ərazilər 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox abidə, o cümlədən Azıx mağarası, Xudafərin körpüləri, Üzərliktəpə qədim yaşayış məskəni kimi mühüm tarixi-mədəni irs abidələrinin yerləşdiyi məkandır. Yalnız infrastrukturun və abidələrin bərpası vasitəsilə rifaha, yüksəlişə, davamlı inkişafa nail olmaq mümkündür. A.Cəfərli bu kontekstdə Azərbaycan Hökuməti tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə irəli sürülmüş “Mədəniyyət naminə sülh” kampaniyasını xatırladıb. Sülhün mədəniyyətin qorunması və inkişafı üçün əsas şərtləndirici amil olduğunu diqqətə çatdırıb.

 

Sonra Read Qasımov “İçərişəhər” qoruğu ərazisində aparılan bərpa prosesi, nəzərdə tutulan layihələr, habelə bu il qoruq ilə Matera Şəhər Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında protokolun imzalanması və əməkdaşlığın inkişaf imkanları barədə məlumat verib.

 

Azərbaycan nümayəndə heyətinin çıxışları işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədəni irsimizə qarşı Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarına dair videomateriallarla müşayiət olunub.

 

Tədbirdə Matera Şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, Albaniya və Livanın nümayəndələri də çıxış ediblər.

 

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.3.