Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış heykəltəraş, Xalq rəssamı Arif Qazıyev sentyabrın 3-də, ömrünün 85-ci ilində vəfat edib.

 

Arif Şamil oğlu Qazıyev 1937-ci il yanvarın 2-də İrəvan şəhərində doğulub. Müxtəlif mövzularda əsərlərin (“Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, “Cəngi”, “Canlı qala”, “Bakılı qız” və s.), görkəmli şəxsiyyətlərin heykəl və büstlərinin (“Hüseyn Cavid” – şairin Naxçıvandakı ev-muzeyində qoyulub; “Məhəmməd Nəsirəddin Tusi” – Azərbaycan Milli İncəsənət Muzeyi) müəllifidir. Sabit Rəhman, Ağasadıq Gəraybəyli, Əziz Əliyev və başqalarının xatirə lövhələrini hazırlayıb.

 

Tarla gözəli” əsəri Moskvada Dövlət Şərq Muzeyində, bir sıra əl işləri ABŞ, Almaniya, Avstriya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.

 

Sənətkarın uzun illər üzərində işləyərək ərsəyə gətirdiyi xalq qəhrəmanı Babəkin heykəli hazır olsa da, hələ ucaldılmayıb.

 

2018-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülən Arif Qazıyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.6.