Gəl, qonağımız ol...

 

 

Razı qalsaq da, qalmasaq da?!

 

 

 

Sentyabrın gəlişi, payızın ilk işartıları ilə yay istirahəti mövsümümüzbaşa çatdı. Daha doğrusu, yay istirahəti etməyə maddifiziki imkanı olanların əl-ayağı yollardan çəkildi. Təbii ki, söhbət daha çox istirahət üçün ölkəsində qalan, maddi, bir az da pandemiya məhdudiyyəti səbəbindən çamadanını yaxın-uzaq rayonlarda boşaldanlardan gedir.

 

Daha çox kütləvi, yəni qiymətinə görə əlçatan görünən bölgə və məkanlardan, onların xidmət səviyyəsindən danışmaqla istirahətdən nə dərəcədə zövq ala bildiyimizi analiz edəcəyik. Ki növbəti istirahət mövsümü üçün təəssüratımız, bir növ məlumat bazamız olsun və kiməsə ürəklə “Gəl, qonağımız ol” deyə bilək.

 

Son illər paytaxtla yanaşı, bölgələrdə də iaşə obyektlərinin, hotel və istirahət mərkəzlərinin sayı sürətlə artır. Buna gecələmək üçün təklif olunan şəxsi evləri də daxil etsək, kifayət qədər böyük rəqəm alınır. Sözsüz ki, bu kəmiyyət artımı keyfiyyətin də lazımi səviyyədə yüksəlməsini tələb edir. Amma görünən odur ki, bu istiqamətdə vəziyyət elə həmin məkanları işlədən sahibkarların ümidinə, bir növ insafına qalıb. Xidməti də, qiyməti də, tərtibatı da, qarşılanmanı da, münasibəti də öz bildikləri kimi edir və sadəcə, müştəriyə pulqabı kimi baxırlar. Təbii ki, istisnalar da yox deyil.

 

Bəs turizm, istirahət məkanları, əslində, necə işləməlidir? Məsələn, Dövlət Turizm Agentliyindən (DTA) əhalinin regionlarda yaxşı istirahət etməsi üçün bütün şəraitin olduğunu tez-tez dilə gətirirlər. Haqlıdırlar da. Çünki füsunkar ana təbiət bu mənada daha səxavətlidir.

 

Əsas turizm mövsümü kimi yay aylarında regionlarda nəinki hotellər, istirahət məkanları, piknik əraziləri, hətta fərdi evlər də dolu olur. Təsadüfi deyil ki, şimal bölgəsində fərdi evlər, demək olar ki, bir neçə ay öncədən sifariş edilir. Qiymətlər də hər seqmentdən olan turistlər üçün münasibdir...

 

Fikrimizcə, Azərbaycanı yaxın illərdə dünyada ən çox ziyarət edilən ölkələr sırasına daxil etmək istəyiriksə, vətəndaş-turist, məmur-turizmçi olaraq birləşməli və ölkəmizi bu yöndə də yaxşı təqdim etməliyik. Bunun üçün, sadəcə, xidmət səviyyəsi yüksəldilməli, peşəkar kadrlar cəlb olunmalı, turizm bölgələrinə xas mədəni marşrutlar işlənməli, oranın mətbəx nümunələri bütün zənginliyi ilə təqdim olunmalı, sağlam rəqabətli, şəffaf biznes mühiti yaradılmalıdır.

 

Əslində, sadə, zövqlü, evində qonaq qarşılamaq qədər təbii proses ətrafında mütəxəssis rəyləri alarkən problemin nə qədər dərin olduğunu bir daha anlamış olduq. Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bu sahədə illərdir ciddi problemlər yaşandığını deyir: “Ən azı hər gün bu məsələlərlə bağlı bizə 2-3 telefon zəngi olur və bu barədə ciddi narazılıqları eşidirik. Turizm həvəskarı olaraq da bu xidmət sahəsi ilə bağlı xeyli araşdırmalar aparır və çalışıram istehlakçıların hüquqları qorunsun. Bir-bir ad çəkmək istəmirəm, amma təəssüflə vurğulamalıyam ki, bölgələrimizdəki, xüsusən turizm baxımından kütləvi ziyarət olunan, istirahət üçün seçilən rayonlarımızdakı orta səviyyəli iaşə obyektlərində vəziyyət bərbaddır. Məsələn, uniforma o yana, heç adi səliqə-sahmandan xəbərsiz masa xidmətçiləri, həşəratların uçuşduğu mətbəxləri, normal istehsal prosesindən keçməyən yeməklər. Qiymət isə xidmətdən çox-çox fərqlidir. İstehlakçı hər fürsətdə aldadılır.

 

Həmsöhbətimiz bu kimi halların əksər istirahət məkanlarında yaşandığını deyir: “İri obyektlərin, beşulduzlu hotellərin xidməti ilə rəqabətə girə bilməyən kiçik obyektlər qiymətdən narazılıq edənlərə tez həmin hotellərin menyusunu və qiymətlərini sadalayırlar. Sahibkara deyən lazımdır ki, turist, təbii ki, öz büdcəsinə uyğun olaraq səni seçib və səndən də məhz nəzərdə tutduğu menyunu istəyir. Maraqlıdır ki, həmin məkanlar kottec qiymətlərini nisbətən aşağı, yəni hotel nömrələrinə görə ucuz yazıb müştəri cəlb edir və müştərini yemək menyusunda “qarət” edirlər. Bundan əlavə, məkanların böyük əksəriyyətində kassa çeki verilmir, tələb edəndə də formal bir sənəd təqdim olunur”.

 

E.Hüseynov problemin həllini müvafiq assosiasiyaların təcrübə mübadiləsində, həmçinin tələbkarlığın artırılmasında maarifləndirmə işində görür: “Etiraf edim ki, nə əlaqədar qurum kimi AİİB, nə də AQTA ölkədəki bütün obyektləri əhatə edə bilmir və nəticədə belə vəziyyət yaranır. Düşünürəm ki, Dövlət Vergi Xidməti bu məkanlarda ciddi aparmalı, qiymətlərə nəzarət olunmalı, vergidən yayınma halları aradan qaldırılmalı və vahid qiymət sxemi yaranmalıdır”.

 

***

 

İstirahətdən danışırıqsa, bir məqama xüsusilə diqqət yetirməliyik. Hər bir xalqın, bölgənin mədəni zənginliyinin göstəricilərindən biri də məhz onun milli, özünəməxsus mətbəxidir. Təsadüfi deyil ki, “Mədəniyyət haqqında” qanunumuzun ayrıca maddəsi milli kulinariya nümunələri ilə bağlı müddəaları özündə əks etdirir. Qanuna əsasən, Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği, həmçinin kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Yəqin hər biriniz paytaxtdan tutmuş ən ucqar bölgəyə qonaq olduğunuz bütün məkanlarda 4-5 milli mətbəx nümunəsi, uzağı qəlyanaltıdan qənnadıya 10-12 növ məhsulla qidalanmısınız. Nəzərə alsaq ki, turizmin inkişafını şərtləndirən amillərdən biriyerli, lokal mətbəx nümunələrinin yüksək səviyyədə təqdimatıdır. Ötən il Dünya Turizm Təşkilatının 80 ölkədə apardığı sorğu da fikrimizin əyani sübutudur. Sorğuda iştirak edən turistlərin 85 faizi olduqları ölkəni mətbəxi, fərqli dadları ilə xatırlayırlar. Deməli, yemək təkcə mədəmizi yox, həm də zövqümüzü doydurur. Bizdə isə bu məsələyə baxış bir başqadır.

 

Mövzu ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun da fikirlərini öyrəndik. Mütəxəssis bu sahədəki problemin əsas məqamlarını diqqətə çatdırdı: “Bu sahədə illərdir ki, problemlər varpandemiya, turistlərin daha çox ölkə daxilindəki məkanlarda dincəlməsi, necə deyərlər, eyiblərimizi diqqət mərkəzinə gətirdi.

 

Ölkəni tanıtmağın əsas hissəsi həm də mətbəxdir və bir sıra ölkələr bununla bağlı müvafiq proqram işləyib hazırlayıblar. Bilirsiniz, təhsil yoxdursa, milli irs, milli mətbəximiz üzrə tədris vəsaiti yoxdursa, biz necə peşəkar aşpaz, süfrəçi, hotel işçisi barədə danışa bilərik? Təkcə regionlarda deyil, elə paytaxtdakı məkanların da, demək olar ki, hamısı Azərbaycan mətbəxindən təxminən eyni şeyləri hazırlayırlar. Xüsusən rayonlarda yazılı yox, səsli menyu var. Yəni süfrəçi gəlir və sadalayır. İndi birdən ondan sadaladığı yeməklərin tərkibini soruşsan, qiyamət qopar. Neyləsin, bilmir axı. Heç aşpaz da dərin məlumatlı deyil. Restorana daxil olarkən müştəriyə menyu verilməli, xörəyin miqdarı, istifadə olunan ərzaqları və qiyməti də mütləq qeyd olunmalıdır. Heç menyu da düzgün tərtib olunmur. Xörəklərin adlarını düzgün yazmırlar. Restoranlara da Azərbaycan dili, dövlət dilimiz gəlməli və vəziyyət kökündən dəyişməlidir. Problemin kökü təhsildədir və o yoxdursa, yəni mühəndis-texnoloq hazırlanmırsa, bizim dediklərimiz havada qalacaq”.

 

Müsahibimiz deyir ki, milli mətbəximizə aid 4000 növ xörəkdən vur-tut 4-5-i təklif olunur. Rayonlarda vəziyyət daha acınacaqlıdır: “Aşpazların, ixtisaslı qida mühəndislərinin, əgər varsa, sertifikasiyasına böyük ehtiyac var. Xarici ölkələrdə yaxşı aşpaz hazırlamaq üçün təhsilin 70-80 faizi nəzəriyyədirsə, bizdə 90 faizi təcrübədir. Nümunəvi obyektlər olmalıdır və onlar üzərindən təcrübə keçilməlidir. Ölkənin gələcəyə hesablanmış daimi gəlirli mənbələrindən biri də turizmidirsə, bu işi peşəkarlara həvalə etməli və maddi mədəni, mənəvi irsimizi layiqli təqdim etməliyik. Bu kimi problemləri həll etməsək, hər istirahət məkanında həmin mənzərənin şahidi olacağıq. Beləcə, Lerikdən Qusara ya eyni yeməklərlə doyacaq, ya da iştahamızı həmişəlik küsdürəcəyik”.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.5.