Görüşlər, sərgilər, ekskursiyalar...

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Göygöl rayonu üzrə nümayəndəliyin təşəbbüsü, rayon MKS-nin təşkilatçılığı ilə görkəmli teatrkino aktyoru, Xalq artisti Siyavuş Aslanın (1935-2013) anadan olmasının 86-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Çıxışlarda sənətkarın zəngin yaradıcılığından söz açılıb. Tədbirin sonunda aktyorun çəkildiyi filmlərdən videolentlər nümayiş olunub.

 

Ağdaş Regional Mədəniyyət İdarəsində kənd klub müəssisələrində çalışan əməkdaşlara metodiki köməklik göstərilməsi məqsədilə görüşlərə başlanılıb. İlk olaraq Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin direktorları ilə görüş keçirilib. Görüşdə qarşıda duran vəzifələr müzakirə olunub, xüsusi qrupların yaradılması ilə bağlı göstərişlər verilib. Layihə çərçivəsində eyni zamanda klub müəssisələrində sənədləşdirmə işlərinin aparılma qaydalarının, əhaliyə göstərilən mədəni xidmət çeşidinin artırılması, klub müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılmasına nail olmaq məqsədilə treninqlərin keçirilməsi nəzərdə tutulub.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində saz-söz ustadının anadan olmasının 200 illik yubileyi ilə bağlı “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” mövzusunda tədbir keçirilib. Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, şeirlərinin yer aldığı və haqqında yazılan kitablar nümayiş olunub.

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində Samux rayonunda yaşayan gənclər üçün ekskursiya təşkil edilib. Mərkəzin ekspozisiya zalında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Sonra gənclər foyedə təşkil olunmuş kitab və dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Balakən rayon Heydər Əliyev Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı bukletlər hazırlanıb. Bukletdə Azərbaycanda uşaq hüquqları haqqında qəbul edilmiş qanunvericilik bazası, uşaq hüquqlarının əsasları barədə məlumat verilib, ulu öndər Heydər Əliyevin bu sahədəki rolundan bəhs olunub. Balakən rayon Mərkəzi Kitabxanasında “Sülh aylığı” çərçivəsində tədbir təşkil edilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbinin səs-muğam müəllimi İslam Əlizadə avqust ayında Bakı şəhərində keçirilən “Türkiyə keyfiyyət mükafatları-2021” layihəsində peşəkarlıq və uğurlu fəaliyyətinə görə təltif edilib. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov təşəkkürnamə və mükafatı İ.Əlizadəyə təqdim edib.

 

Xocalı rayon Mədəniyyət evində Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə tədbir təşkil edilib. Çıxış edənlər ustadın çoxəsrlik aşıq sənətinin inkişafına verdiyi töhfələrdən söz açıblar.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Səməd Haqverdiyevin əsərlərindən ibarət sərgi təşkil olunub.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində bir qrup gənc turist üçün ekskursiya təşkil edilib. Mərkəzin bələdçisi Şəfa Xəlilova turistləri ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçiliyi təcrübəsini əks etdirən materiallarla tanış edib. Masallı rayon Mərkəzi Kitabxanasında isə Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü (8 sentyabr) ilə əlaqədar tədbir keçirilib. Bildirilib ki, dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə 1958-ci ildə təsis edilib.

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.4.