“Yenə günəşin istisinə sığınaraq Xəzərin sahilində gəzmək istərdim”

 

Ukraynanın Xalq artisti, Azərbaycan tamaşaçısının “Telefonçu qız” filmindən (1962, rejissor Həsən Seyidbəyli) tanıdığı Raisa Nedaşkovskaya Kiyevdə mükafatla təltif olunub. Aktrisa teatr sənətinin inkişafındakı xidmətinə görə “Kiyevskaya Pektoral” mükafatına layiq görülüb.

 

Mərasimdə öncə Kiyevin bir neçə teatrının aktyorları tərəfindən səhnəciklər göstərilib.

 

R.Nedaşkovskaya mükafata və diqqətə görə təşəkkürünü bildirib. Karyerası haqqında danışan aktrisa kinoteatr sənətini seçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb. O, çəkildiyi ekran əsərlərindən söz açarkən “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb. Azərbaycanda filmə çəkilərkən 19 yaşının olduğunu deyən aktrisa ümumilikdə 50-yə yaxın filmdə rol aldığını, Mehriban obrazını çox sevdiyini bildirib.

 

Sonuncu dəfə Bakıda 40 il əvvəl olduğunu deyən aktrisa yenə də günəşin istisinə sığınaraq Xəzərin sahilində gəzmək istədiyini dilə gətirib: “Azərbaycanda unudulmadığım üçün bir qadın kimi özümü xoşbəxt sayıram. Azərbaycan mənə əzizdir, “Telefonçu qız” filmindəki Mehriban obrazı karyeramda ən uğurlu rollarımdan biridir”, - deyə Raisa Nedaşkovskaya əlavə edib. O, mükafatlandırma mərasimində azərbaycanlıların da iştirak etdiyini məmnunluqla vurğulayıb.

 

Tədbirin sonunda Kiyevdəki Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova Azərbaycan və Ukrayna musiqilərindən ibarət kompozisiya ilə çıxış ediblər.

 

 

Mədəniyyət.- 2021.- 15 sentyabr.- S.8.