BXA ilə Rus Balet Akademiyası arasında əməkdaşlıq

 

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) bədii rəhbəri, Əməkdar artist Nailə Məmmədzadə Sankt-Peterburq şəhərinə işgüzar səfəri zamanı V.Vaqanova adına Rus Balet Akademiyasının rektoru, Rusiyanın Xalq artisti Nikolay Siskaridze ilə görüşüb.

 

Görüş zamanı iki təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Cari tədris ilində BXA-nın müəllimlərinin Rus Balet Akademiyasında peşə və təcrübələrinin artırılması məqsədilə kursların təşkil edilməsi barədə razılıq əldə edilib. Həmçinin tərəflər qarşılıqlı yaradıcılıq planları və təlim proqramı ilə bağlı mövzular, BXA-ya növbəti illərdə qəbul zamanı imtahan komissiyasında Rusiya Balet Akademiyasının nümayəndəsinin iştirakı və s. məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Nailə Məmmədzadə Rus Balet Akademiyasında dərs prosesi və tələbələr üçün yaradılmış şəraitlə tanış olub. Nikolay Siskaridze imkan tapan kimi Bakıya səfər edəcəyini də qeyd edib.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.5.