Kitabxana şəhid Ağaəmi Heybətov haqqında məlumat saatı hazırlayıb

 

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Vətən müharibəsi şəhidi Ağaəmi Heybətov haqqında məlumat saatı hazırlayıb. Məlumat saatında şəhidin ömür yoluna nəzər salınıb.

 

Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbi bitirib. Həmçinin qəsəbədəki 4 saylı Uşaq incəsənət məktəbində oxuyub, qarmon ixtisası üzrə diplom alıb. İdmanın müxtəlif növləri ilə də məşğul olub.

 

2011-ci ildə Azərbaycan Dövlət İqtisad UniversitetininTurizmotelçilik” ixtisasına qəbul olub. 2015-ci ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. Sonra hərbi xidmətə gedib. 2016-ci ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində iştirak edib. Bu barədə şəhidin ailəsi 4 il sonra şəhid olduqdan sonra xəbər tutub.

 

Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Ağaəmi “Veysəloğlu” MMC-də işləməyə başlayıb. Həmçinin Müdafiə Sənayesi Nazirliyiniİqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-də çalışıb.

 

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanması xəbərini eşidən kimi evdən gizlin orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib, 2020-ci il oktyabrın 16-da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

27 illik ömrünü şəhidlik zirvəsində başa vuran Ağaəmi ürəklərdə əbədi yaşayacaq.

 

 

Mədəniyyət.- 2021.- 8 yanvar.- S.6.