Şəhid gizirin xatirəsinə həsr olunmuş videoçarx

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Vətən müharibəsinin şəhid qəhrəmanlarını tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz!” adlı layihəni davam etdirir.

 

Bu silsilədən təqdim olunan növbəti videoçarx şəhid gizir Şahin Qədirovun əziz xatirəsinə həsr olunub.

 

Şahin Bayram oğlu Qədirov 3 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Şahin Qədirov 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş, Lələtəpənin azad olunmasında igidlik göstərmişdi. Nümunəvi xidmətinə görə bir sıra təltiflərə, o cümlədən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 (2013) və 100 illiyi (2018) münasibətilə yubiley medallarına layiq görülmüşdü.

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən igid hərbçimiz oktyabrın 5-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Ailəli idi. 6 yaşında bir oğlu var.

 

 

 

 

Mədəniyyət.- 2021.- 8 yanvar.- S.6