Vətən müharibəsinin şəhid dostları

 

Bir kənddə doğulub boya-başa çatdılar. Eyni sinifdə təhsil alıb, ömürlərinin 11 ilini ayrılmaz dost oldular. Bənzər taleləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq, əbədiyyətə də bir qovuşdular. Elçin Quliyev və Əhliman Mehdiyev İmişli rayonu Məzrəli kəndinin şəhid qəhrəmanlarıdır.

 

Mehdiyev Əhliman Rəhman oğlu 2002-ci il mayın 17-də dünyaya göz açıb. Şəhid anası Mənsurə Mehdiyeva söyləyir ki, Əhliman və Elçinin ömür yolu sanki eyni olub. Onlar çox sadiq dost olmaları ilə yanaşı, həm də vətənpərvərlikləri ilə seçiliblər. Əhliman həqiqi hərbi xidmətə xüsusi təyinatlı hərbi hissədə başlayıb. Vətən müharibəsində döyüş yolu Murovdağ istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində şücaət göstərib. Sentyabrın 28-də növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər aşırımı adlanan mövqeyi ələ keçirmək üçün hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yaxınlığına düşüb və Əhliman şəhid olub.

 

Atası Rəhman Mehdiyev deyir ki, Əhlimanın döyüşlərə yollandığından xəbərimiz yox idi, bizə bu barədə bir kəlmə də olsun deməmişdi: “Düşünürdük ki, Bakıda xidmət etdiyi hərbi hissədədir. Hətta istəyirdik ki, hərbi hissəyə gedib onunla görüşək, amma özü şəhid olaraq bizim görüşümüzə gəldi...”.

 

Bənzər taleyi Əhlimanın ən yaxın dostu olan Elçin Quliyev də yaşayıb. O, 2001-ci ildə Məzrəli kəndində dünyaya gəlib. Atası Etibar Quliyev deyir ki, o, hələ hərbi xidmətdə olarkən torpaqlarımızı azad edəcəyini bildirirdi. Həqiqi hərbi xidmətə də böyük ruh yüksəkliyi ilə yollanmışdı. Döyüşlər başlayan zaman imkan olduqca əlaqə saxlayırdı. Suqovuşan istiqamətində döyüşlərə qatılıb. Elçin atası ilə sonuncu dəfə danışandan bir həftə sonra şəhidlik zirvəsinə ucalıb.

 

Ömür yolları və şəhadətləri bənzər olan Elçin və Əhliman ölümündən sonra “Vətən uğrunda” medalı təltif ediliblər.

 

Mədəniyyət.- 2021.- 13 yanvar.- S.6.