Zəfər Muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin məzmununun hazırlanması ilə bağlı növbəti onlayn iclas keçirilib.

 

İclası giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Zəfər Muzeyinin məzmununun hazırlanması ilə əlaqədar nazirliyin daxilində mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb.

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, ekspert qrupunun tərkibində müxtəlif dövlət qurumlarının nümayəndələri, elm adamları, muzey mütəxəssisləri yer alıb. Artıq ekspert qrupunun ilk iclası gerçəkləşib.

 

Sonra Zəfər Muzeyinin məzmununun müəllifi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov muzeyin məzmunu, bölmələri, nümayiş olunacaq əşyalar və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeyin məzmunu beynəlxalq müasir təcrübə əsasında hazırlanıb.

 

Daha sonra onlayn iclas ekspert qrupu üzvlərinin müzakirə və fikir mübadiləsi ilə davam edib.

 

Mədəniyyət naziri Anar Kərimov Zəfər Muzeyində “Böyük Qayıdış” layihəsinin təqdim olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini əks etdirən konsepsiya üzrə hazırlanmalı və təqdim edilən məlumatlar mütəmadi yenilənməlidir.

 

Ekspert qrupunun üzvləri – Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Şuşa şəhəri üzrə nümayəndə Zahid Abbasov, tarixçi Fuad Axundov, “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, dünya şöhrətli fotoqraf Rza Diqqəti və başqalarının fikirləri dinlənilib.

 

Çıxışlarda Zəfər Muzeyinin ilkin məzmunun uğurlu alındığı və təqdimatda daha çox müasir innovativ üsullara üstünlük verilməli olduğu qeyd edilib. Həmçinin ekspertlər tərəfindən muzeylə bağlı qeyd edilən təkliflərin nəzərə alınacağı və görülən işlərin davam etdiriləcəyi vurğulanıb.

 

***

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 11-də Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilmişdi.

 

Görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat vermişdi.

 

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin qısa müddət ərzində tərtib edilmiş konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılmış, memorial kompleksinmuzeyin məzmun materiallarının toplanması üzrə tədbirlər planının ilkin layihəsi müzakirə edilmişdi.

 

Mədəniyyət.- 2021.- 15 yanvar.- S.1;3.