Teatrların audiovizual təqdimatları

 

 

Sumqayıt Dövlət Dram Teatrı 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olaraq hazırladığı videoçarxı təqdim edib.

 

Videoçarxda diqqətə çatdırılır ki, milli mücadilə yolunda qarşımıza çıxan sədlər, önümüzə atılan maneələr, Azadlıq ruhumuza açılan güllələr qorxunu gözümüzdən ürəyimizə yeritmək üçün idi. Fəqət anlamadılar ki, bu təhdidlər öz haqqı uğrunda mübarizəyə qalxan xalqı daha da mətinləşdirir. 20 Yanvar sadəcə faciə gecəsi olmadı, milli qürur gecəsi oldu. Bu gün qələbə zirvəsindən geri boylananda, şərəfli mübarizəni göz önünə gətirəndə bir daha əmin oluruq ki, 20 Yanvarda  tökülən qanla Azadlıq ağacları suvarıldı.

 

***

 

Bakı Uşaq və Gənclər Teatrı da 20 Yanvarın ildönümünə həsr olunmuş videoçarx təqdim edib. Milli vətənpərvərlik, milli qürur hissləri aşılayan videoçarxTorpaq uğrunda qurban gedən övladlarımız Vətən qədər müqəddəsdir” ideyası üzərində qurulub.

 

Layihənin ssenari müəllifi Arzu Soltan, rejissoru İntiqam Soltan, montajçısı Rauf Hüseynlidir. Videoçarxda teatrın aktyorları İlhamə Əhmədova, Şahin Kazımov, Türkan Şahmarlı, Flora Hüseynova, Qurban Əhmədov, Hüseyn Hüseynli çəkilib.

 

***

 

Lənkəran Dövlət Dram Teatrı isə 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş “Şəhidlər” ədəbi-bədii kompozisiyasının audiovideo formatda təqdimatını keçirib.

 

Teatrın “Facebook” səhifəsindən yayımlanan ədəbi-bədii kompozisiyanın mətnini Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev və aktrisa Qızılgül Quliyeva səsləndiriblər.

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.3.