Söz sənətinin böyük ustadının əbədiyyət məqamı

 

 

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük şair və mütəfəkkir Nizami Gəncəvi (1141-1209) ölməz əsərləri ilə dünya şöhrəti qazanıb. Nizaminin bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən böyük  şəhəri kimi deyil, həmçinin Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlı olub.

 

Şeyx Nizaminin vəfatından sonra qəbri üzərində tikilən türbə daim ehtiram bəslənilən məkanlardan biri olub. Şairin əbədiyyət məqamı müqəddəs sayılıb, qəbri ziyarətgaha çevrilib. Məqbərə sağlığında şairə Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan tərəfindən hədiyyə edilmiş Həmdünya kəndinin ərazisində tikilib. Bu yer indiŞeyx düzü”, “Şıx düzü” adlandırılır. Burada aparılan arxeoloji qazıntılar sübut edib ki, ərazi vaxtilə qədim Gəncə şəhərinin və onun ətrafının adlı-sanlı adamlarının dəfn edildiyi yer olub. Sözsüz ki, bu Nizami Gəncəvinin şöhrəti ilə bağlı idi.

 

Yüzilliklər ərzində məqbərənin yerləşdiyi ərazi də tarixin sınaqlarına tuş gəlib. 1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani yolüstü məqbərəni ziyarət edərkən gördüyü acınacaqlı mənzərədən sarsılmışdı...

 

Məqbərənin təmiri ilə bağlı zaman-zaman ziyalı və imkanlı şəxslər müəyyən işlər görüblər. Sovet dövründə də Nizaminin məqbərəsi ilə bağlı addımlar atılır. 1940-cı ildə əhəngdaşından tikiləcək layihənin icrasına başlanılır. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması  ilə bu də ləngiyir. 15 metr hündürlüyündə məqbərənin inşası 1947-ci ildə başa çatdırılır. 1989-1991-cı illərdə rekonstruksiya olunan məqbərənin hündürlüyü 22,5 metrdir.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Nizami Gəncəvi məqbərəsinin layihə müəllifi Əməkdar memar Fərman İmamquliyevdir. Silindrik formalı monumental tikili olan məqbərə qırmızı qranitdən inşa edilib. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabəsi yerləşir. Nizami Gəncəvinin adı qızıl xətlə məqbərənin girişində həkk olunub. Abidənin ətrafında park salınıb. Buradakı “Xəmsə qəhrəmanları” adlı bədii-monumental kompozisiyaları isə Əməkdar rəssam, mərhum Qorxmaz Sücəddinov yaradıb. Nizami Gəncəvi məqbərə kompleksi 2019-cu ildə ölkə başçısının sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə verilib.

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.4.