Qarabağın dirçəlişi Şuşadan başlayır

 

Şuşa nəinki Azərbaycanın, bütün regionun mədəniyyət paytaxtı adına layiq şəhər olacaq

 

“O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”

 

Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur.

 

Prezident İlham Əliyev bu sözləri yanvarın 27-də Şuşa rayonunda xüsusi nümayəndə təyin etdiyi Aydın Kərimovu videoformatda qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, 1992-ci ilin mayında Şuşanın işğal altına düşməsi böyük faciə idi: “Hər bir şəhərin, hər bir kəndin, rayonun işğal altına düşməsi böyük faciə idi. Amma Şuşanın işğal altına düşməsi bizim üçün bəlkə də ən ağrılı itkimiz olmuşdur. Təkcə ona görə yox ki, Şuşanın strateji yerləşməsi imkan verirdi ki, bütün bölgəyə, – əgər orada işlər düzgün qurulsaydı, – nəzarət edək, imkan verirdi ki, Şuşanı müdafiə etmək üçün hətta az qüvvələrlə bütün lazımi tədbirləri görək. Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır, mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də bu müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır”.

 

Prezident vurğulayıb ki, ermənilər 28 illik işğal müddətində  bütün cəhdlərinə baxmayaraq, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər. Baxmayaraq ki, bu illərdə bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər. Amma heç kim buna inanmırdı: “Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. İndi qədim tarixi saxtalaşdırırlar, indi saxta kitablar yazdırırlar, simpoziumlar, tədbirlər keçirirlər. Amma bu, nisbətən yaxın tarixdir. Şuşanı quran, Şuşa şəhərini salan bizim əcdadımız Pənahəli xan olmuşdur. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Şuşa şəhəri salınıbdır. Ondan əvvəl Pənahəli xan Bayat qalasını, Şahbulaq qalasını salmışdır. Təsadüfi deyil ki, bu şəhərə verilən birinci ad Pənahabad idi, öz adını vermişdir. Ondan sonra isə Şuşanın təmiz havasını, şüşə kimi havasını nəzərə alaraq bu şəhərə Şüşə, yəni, Şuşa adı verilmişdir”.

 

İlham Əliyev qeyd edib ki, Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq: “Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daşı daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə yeksan edirsiniz? Orada təkcə bizim məscidlərimiz yox, bütün binalar dağıdılıb”.

 

Ermənilərin tarixi saxtakarlığının bu gündavam etdiyini deyən Prezident onların Şuşanın azad olunması ilə bağlı səsləndirdikləri fikirlərə də münasibət bildirib: “Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”.

 

Prezident vurğulayıb ki, Şuşanın bərpası, dirçəlməsi hamımızın işidirbütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz: “Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında sizvar idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır.

 

Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər – festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”.

 

Bu yaxınlarda ölkəmizdə səfərdə olmuş İCESCO-nunTürk Şurasının baş katibləri tərəfindən Şuşanın qarşıdakı illərdə “İslam mədəniyyətinin paytaxtı” və “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təkliflərinin irəli sürüldüyünü xatırladan İlham Əliyev deyib: “Baxın, bu tarixi şəhərimizə türk dünyasında və bütövlükdə müsəlman dünyasında nə qədər böyük maraq var, nə qədər böyük məhəbbət var. Bu, təsadüfi deyil. Ona görə biz, əlbəttə ki, Şuşanın gələcək həyatı ilə bağlı öz addımlarımızı atacağıq. Artıq mən bildirmişəm ki, bu il iki tədbir keçirilməlidir. “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqifin məqbərəsinin bərpası ilə bağlı işlərə start verilməlidir və çalışmalıyıq ki, məqbərə bu il bərpa edilsin. Vaqif poeziya günləri məqbərənin önündə keçiriləcəkdir”.

 

Şuşa ilə bağlı müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir”

 

Prezident bildirib ki, biz infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Artıq Füzulidən Şuşaya yeni yol çəkilir, eyni zamanda Füzuli hava limanının  inşasına başlanıb: “Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”.

 

Dövlət başçısı qeyd edib ki, hazırda Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, özləri üçün bir neçə villadan savayı bir bina belə tikməyib. Ona görə infrastruktur layihələrinin icrası birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Eyni zamanda tarixi, dini abidələrin bərpası ilə bağlı konkret proqram işlənilir: “Müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu məsələyə fəal qoşulubdur, eyni zamanda, Mədəniyyət Nazirliyi, digər aidiyyəti qurumlar. Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər idi. Yaşayış fondunun təftişi mütləq daha müfəssəl aparılmalıdır, - birinci təftiş aparıldı, - əlbəttə ki, ondan sonra bərpa işləri aparılacaqdır”.

 

Prezident daha sonra deyib: “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümüicra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq... Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik. Bunun nəticəsində Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsini, Murovdağ yüksəkliyini, Kəlbəcər rayonunun bir hissəsini, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsini və Şuşa şəhərini azad etdik. Hədəfimiz Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, bayraq qaldırdı. Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi.

 

Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçikolsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var. Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşavaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”.

 

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.1;2.