Qırıq qanadların uçuşu

 

Çexovun məşhur “Qağayı”sı ilk dəfə bizim səhnədə

 

 

 

Siz Çexovun pyesləri ilə tanışsınızmı? Bax, dramaturq belə olar! Teatrı hiss etmək bacarığı onda kamil bir dərəcəyə çatmışdır. Mən özümü onun yanında yeni başlayan həvəskar kimi hiss edirəm...”.

Bunu böyük ingilis dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatçısı Bernard Şou deyib.

 

Bu fikirlər Çexovun məşhur “Qağayı”sının teatr səhnəmizdə ilk quruluş həllini tapacağını eşidəndən beynimdə dolaşırdı. Qəribə səslənəcək, amma bir az da narahat olurdum. Mənə görə “Qağayı” və qırılmış qanadlarını yana düşməyə qoymayan Çexovun özü belə bu dördpərdəli komediya janrlı pyesin taleyindən narahat idi. Mistika deyil, bunu pyesi oxuyan hər kəs deyə bilər. Oradakı ədəbi-bədii problemləri teatr, səhnə, sənət kontekstində müzakirə-mühakimə edən Çexov və qəhrəmanları, əslində, illər sonra onun səhnə taleyinə də toxunanlara xəbərdarlıq edirlər. Sevgi ilə, istəyərək yanaşmağı arzu edirlər. Pyesdən götürdüyüm “İstedadsız adamlar həmişə böyük iddiada olar və həqiqi istedad sahiblərini pislər. Qəribə təsəllidir” frazası fikrimin izahı, ümumən Çexovun qəhrəmanlarının dilindən sələflər və xələflər məsələsinə, yaradıcılıq böhranları və istedad anlayışlarına baxışını ayırd etmək üçün əla çıxarışdır.

 

Bəri başdan deyim ki, Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edilən, 27 martDünya Teatr Günündə Bakı Musiqi Akademiyasının Opera studiyasında (teatrın öz səhnəsi təmirdədir) tamaşaçı ilə ilk görüşünə gələn “Qağayı” bu ali prinsip və dəyərləri duyanların kollektiv işi kimi dəyərlidir. Ən əsası da, cəsarətli addımdır. Təbii ki, burada söhbət rejissorun tanış mətnə, birbaşa mətləbə dolayı və mürəkkəb yollarla uğurlu gedişindən gedir. Sözsüz, çatışmazlıqlar, oxşarlıqlar, əxzetmələr, haçalanmalar da yox deyil. Çalışacağam ki, görünən, daha doğrusu, “məni gör” deyən qüsurları da sırf prosesə yeni baxış və cəsarətli aksiya kimi arxa plana keçirim. Ən azı ona görə ki, “Qağayı” pyesində Çexov sənətdə fədakarlıq mövzusuna toxunub və məhz özü əsərlərinin gələcək quruluş, səhnə, sənət taleyinə birmənalı yanaşmayıb...

 

Pyesin qəhrəmanı Nina Zareçnaya gənc aktrisadır. Əvvəllər səhnə ona bir şöhrət meydanı kimi gəlir, sənətə də ad-san qazanmaq vasitəsi kimi baxır. Lakin həyat göstərir ki, sənət yolunda çox çətinliklər var, həqiqi sənətkar bu çətinliklərə dözməli, axıradək davam gətirməlidir. Nina özündə mənəvi qüvvə tapır və sənət yolunda qarşısına çıxan maneələri bir-bir aradan qaldırıb irəliləyir. Başa düşür ki, əsas şöhrətdə deyil, mətanətdədir. Nina öz istedadını böyük sınaqlardan keçirir və qismən məqsədinə çatır. Təbii ki, burada fəda etdikləri, daha doğrusu, qurbanlar arasından seçdikləri də var və ümumən biz bu tamaşada müxtəlif və qısa yollarla yaradıcı insanların ruh aləmlərinə səyahətə çıxırıq.

 

Elə “Qağayı”nın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov da ikihissəli lirik-psixoloji dram vasitəsilə müəllifin janr olaraq komediya kimi qələmə aldığı (sonda qəhrəmanın ölməsi səbəbindən bir sıra ədəbiyyatşünaslar pyesin komediya janrının tələblərinə cavab vermədiyini deyirlər) əsərin ən dərin qatlarına qədər varmaqla ilk olaraq özü üçün aydınlaşmalar aparır. Bu dəfə də klassik pyesə yeni yanaşma sərgiləyib. Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb.

 

Əsərin süjeti bir kişini sevən bir qadının, eyni kişini sevən başqa bir qadının və qadını sevən bir kişinin hekayəsidir. Yəni, əslində, mürəkkəb duyğular fonunda çapalayan insanların məişətindən mənəviyyatına keçidlər toplusudur. Burada təkcə yazıçının qəhrəmanları yox, həm də Çexovun özü var. Yazıçılar Boris TriqorinKonstantin Treplyov arasındakı ziddiyyət, yaradıcılıq üzərindən mübarizə və qələbəsiz döyüş təkcə klassika ilə müasirliyin yox, həm də Çexovun dövrü, müasirləri, ümumən ədəbiyyatdan yol alanlarla  mühakimə-mülahizəsidir.

 

Onu deyim ki, əsər əsasında Rusiya teatrlarında səhnə həllini tapan bir neçə tamaşanın videoyazısını izləmişəm. Pyes əsasında ekranlaşdırılan Rusiya və ABŞ istehsalı iki filmə də baxmışam. Az-çox  realizmdən fantaziyaya keçidlə səhnə içində səhnə, bir növ güzgü prinsipi ilə rejissor baxışlarının fərqli prizmalardan tamaşaçı üzərində işini də görmüşəm. Ümumən əsər güzgü planından istifadə ilə klassik quruluş, mətnin hərəkətindən başqa rejissordan fövqəladə nə isə istəmir.

 

Hər şey çox sadədir: hadisələr XIX əsrin sonlarında Rusiya kəndlərindən birində baş verir.  Qəhrəmanların, demək olar ki, hamısı, xüsusən də qadınlar həyatlarından narazıdırlar. Bəziləri sevgini, bəziləri uğuru, bəziləri də şöhrəti arzulayırlar. Amma heç biribu bəzən sadə, bəzən də əlçatmaz görünən arzularına çata bilmirlər. Daha doğrusu, əllərində olanın qədrini bilmir və yalnız itkini dadandan sonra, əslində, xoşbəxtlik haqqında cəfəngiyat danışdıqlarının fərqinə varırlar.

 

Məhz buna görə də bir qisim tənqidçilər “Qağayı”nı əbədi bədbəxt insanlar haqqında elegiya hesab edirlər. Bir qismi isə onun daxilindəki satiranı, sarkazmı, güclü yumoru ön plana çəkməyə, əslində, müəllifin komediyada israrlı olmasını haqlı çıxarmağa çalışırlar.

 

Nicat Kazımov da məsələyə bu prinsiplə yanaşaraq seyrçini tamaşa boyunca iki hissingülüş və kədərin astanasında saxlayır. İzləyicisini azad buraxaraq həm özü üçün nəticələr çıxarmağa, həm də prosesin içinə daxil olmağa səsləyır. Yəqin aktyorlarını tez-tez tamaşa salonuna “atması” da bu ideyanın oturuşması üçündür. Səhnə ilə salon arasındakı məsafəni sıfırlamaqla hər kəsi qağayının qırıq qanadları altına sığdırmağa və bununla, məncə, özünə bəraət almağa çalışır. Bu, yaxşı düşünülmüş gediş sayıla bilər. Ona görə ki, tamaşaçı daim səhnədən dağılan fikirlərini toplamağa məcburdur. Odur ki, daim ayıq və adekvat olmalıdır. Çünki aktyor ilə onun arasında olan bütün divarlar dağılıb və o, istədi-istəmədi, özü oyunun içinə düşüb.

 

Tamaşa Semyon Medvedenko (Nurlan Süleymanlı) adlı bir kasıb məktəb müəllimi və onunla birlikdə gəzən əmlak müdirinin qızı Maşa (Aygün Fətullayeva) ilə başlayır. Medvedenko onu sevir. Ancaq Maşa ona heç əhəmiyyət belə verməyən Konstantin Treplyovu (Bəhram Həsənov) sevir. Konstantin isə gözəl qonşusu Ninaya (Səbinə Məmmədova) dəlicəsinə aşiqdir.  Onlar gənc yazıçının yeni pyesini məşq edirlər. Konstantin həyəcanlıdır. Çünki anası – məşhur aktrisa İrina Arkadina (Əməkdar artist Kəmalə Hüseynova) və onun sevgilisi olan yazıçı Boris Triqorin (Əməkdar artist Şövqi Hüseynov) tamaşaçılar arasında olacaq. Bu, gənc müəllifi çox narahat edir. Onsuz da onu dayısının, yaşlı və bədbəxt Pyotr Sorinin (Kərəm Hadızadə) yanında qoyub şəhərdə yaşayan anasından incikdir. Çünki həyatda da oynayan, özünü daim obrazda hiss edən anası ona etinasızdır. Xəsis şöhrətpərəst aktrisa, oğluna və qardaşına qarşı simiclik etsə də, pulunu özündən gənc sevgilisi üçün səxavətlə xərcləyir.

 

Tamaşada birPolina Andreyevna (Sevinc Mehrəliyeva) varo, deyingən əri İlya Şamrayev (Anar Səfiyev) ilə yaşamağa məcbur olsa da, həkim Yevgeni Dorna (Əməkdar artist Rasim Cəfərov) bəslədiyi eşqini gizlətmir, hər vəchlə bunu göstərməyə çalışır.

 

Tamaşanın ümumi ritminə xidmət edən obrazlar da var (YakovAraz Pirimov, işçilər – Ümman Budaqov və Mətləb Abuşov) və onlar ümumi planda öz işlərini yaxşı görürlər.

 

Dediyim kimi, Konstantinin anası İrina Arkadina məşhur aktrisadır və oğluna görə, anası onun səfalətinin əsas mənbəyidir. Gənc və üsyankar oğlan anasının kölgəsində yaşamağı sevmir. Nə onu, nə də sevgilisini qəbul etmir. Bu uçurumun bir səbəbi də yaradıcılıqdır. Bunu köhnə və yeni formaların mübarizəsi də hesab edə bilərik.

 

Oğlunun ilk cəhdini – tamaşasını uğursuz sayan, hətta onu ələ salan ana ilə oğul arasında münasibətlər daha da gərginləşir. Hadisələr fonunda şöhrətə aşiq Nina macəraçı Triqorinin ağuşuna atılır və beləcə, ehtiras ilə sevgi, sədaqətlə xəyanət, asılılıqla xaraktersizlik qarşı-qarşıya gəlir.

 

Nina gənc yazıçının sevgisini məşhur Triqorinlə şəhvətə qurban verir. Özünündediyi kimi, heç vaxt ixtiyarı öz əlində olmayan yazıçı isə İrinanın yalvarış və onun içində gizlənən sahiblənmək zəncirindən qopa bilmir, gənc aşiqindən asanlıqla vaz keçir. Nina xəyalını qurduğu məşhurluğa çatmaq üçün böyük şəhərə gedir, uşağını itirir, sevgisini isə heç vaxt tapmır. Əvəzində Konstantiniözü kimi bədbəxtliyə sürükləyir və sonda hər ikisi ölür. Konstantinölüm mənim haqqımdır” deyən sevgilisini qolları arasında boğurözüintihar edir.

 

Beləcə, bədbəxt və sevgisiz insanların sevgi axtara-axtara darmadağın olan hisslərinin ortasında qalan ikili yox olmaqla son rollarını oynayırlar.

 

Tamaşanın quruluş həlli, səhnə tərtibatı bu ağır hadisələr fonunda izləyicini həm də bir oyunun içində saxlamağa hesablanıb.  Sadə tərtibat: funksional loto daşları (bəzən çamadan, bəzən oturacaq, bəzən nağara, bəzən də öz funksiyasında olurlar), səhnədə qurulmuş səhnə və onun arxasından asılmış yelləncək sadə və məsələyə birbaşa bağlı detallarla, iri dekorsuz keçinməyə yaxşı işarədir. Zatən rus məişətini, dövrün estetikasını və ümumi ovqatın funksionallığını təmin etmək üçün quruluşçu rəssam izafi enerji sərf etməli idi ki, bu da müasir tamaşaçı üçün heç bir əhəmiyyət kəsb etmir. Bu mənada tərtibatçı rəssam Telman Şıxıyev yaxşı çıxış yolu tapıb. Onu da deyim ki, tamaşanın musiqi tərtibatı (Şamxal Novruzlu) özlüyündə aktın təsirini artıran başlıca amildir. Bənzərsiz Pyotr ÇaykovskininQu gölübaletinin musiqilərindən, eləcə də bəstəkarın bir romansı, kilsə musiqisisentimental valsından da yerində və ustalıqla istifadə olunub.

 

Bir neçə cümlə ilə yüngülcə narahatlıq yaradan məqamlara da nəzər salaq.

 

Konservativ, ümumən səhnədə sevgi və ehtirasın nümayişkaranə təsviri formalarından çəkinən tamaşaçı deyiləm. Üstəlik, rejissorunbizim tamaşaçıya uyğunlaşdırmağa çalışmışıq” dediyi tamaşada bu elementlərin bəzən ifrat, açıq təsvirinə niyə bu qədər meyil etdiyini anlaya bilmədim. Ən əsası, tamaşa boyu bütün təmaslarda Çexovun ümidsiz sevgilər vurğusundan çox şəhvəti (bunun sırf qadın qəhrəmanlar üzərindən göstərilməsi) verməsinə izah tapmaq çətindir. Rejissor təsviri gücləndirmək və əsərin komediya janrını xatırlatmaq üçün bütün işıqları yalnız Kəmalə Hüseynovanın “üzərinə” çəkir. Hərçənd istedadlı və olduqca təsirli oyunu ilə yadda qalan Kərəm Hadızadə rejissorun detal olaraq istədiyi məqamlarda tamaşaçısına satirasının bəxş etdiyi gülüşü daha yaxşı verə bildi.

 

Şövqi Hüseynovun qəhrəmanının yalnız şəhvətin əsiri kimi təqdimatı, Aygün Fətullayevanın qadın olaraq malik olduğu cazibədarlığını yöndəmsiz Nina ilə pərdələməsi, Səbinə Məmmədovanın xüsusən monoloqlarda tamaşaçı ilə güclü rabitəsini arxa plana salması da anlamsız qalır.

 

Rasim Cəfərov və Bəhram Həsənov, mənə görə, rejissorun tamaşaçı ilə əsas oyunçularıdır. Onlar bunun öhdəsindən gəldilərmi deyə soruşsanız, R.Cəfərovdan fərqli olaraq, B.Həsənov müəyyən məqamlarda sanki tamaşanın ritmindən geri qalırdı. Plastikası (xoreoqraf Əməkdar artist Nailə Məmmədzadəyə və fəndlərin quruluşçusu İsa Əsədova təşəkkür düşür), xüsusən intihar səhnəsindəki sürəti ilə ümumi ovqata təravət gətirdiyindən, öncəki ləngitmələri üzərində dayanmaq istəməzdim.

 

Ləngitmə demişkən, əslində, tamaşanın müəyyən hissələrinin salondan oynanılması (yəqin öz səhnələrində oynayarkən bu detal bir də nəzərdən keçirilər), yəni kulislərin salon və çıxışlar ilə əvəzlənməsi ümumilikdə temporitmi saxlamağa hesablanmış olsa da, zənnimcə, əksinə, aktyorların izafi enerji itkisi və replikaları ilə hərəkətləri arasındakı rabitəni zəiflədirdi.

 

Ümumilikdə tamaşa, yuxarıda da dediyim kimi, ansambl işi, rejissor energetikasının ötürülməsi və quruluşçu heyətin imkanlarını yaxşı analiz gücü sarıdan baxımlı nümunədir.  Bu mənada rejissorun yeni üslub axtarışlarını da gözardı etmək olmaz...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 1 aprel.- S.5.