Şövkət Məmmədovanın 125 illiyinə həsr olunmuş tədbir

 

Aprelin 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, teatr xadimi, pedaqoq, SSRİ Xalq artisti Şövkət Məmmədovanın (1897-1981) anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açaraq Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafında xidmətlərindən bəhs edib, onu sənətinə sadiq müğənni kimi səciyyələndirib. Unudulmaz sənətkarın insani keyfiyyətlərindən danışan A.Bayramova onun pedaqoji fəaliyyəti barədə də məlumat verib.

Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın həyat və yaradıcılıq yolundan söz açıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor, Xalq artisti Xuraman Qasımova Ş.Məmmədovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.

Çıxışlarda qeyd olunub ki, unudulmaz müğənni operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah İsmayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə dərin iz buraxıb. O eyni zamanda bir çox sahələrin birinciləri sırasında olan sənətçilərimizdəndir. Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsili ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub. İlk dəfə bu texnikumu bitirən qadın sənətkar isə məşhur opera müğənnisi Fatma Qədri idi. Şövkət Məmmədova ilk azərbaycanlı qadın müğənnidir ki, 1925-ci ildə Fransada musiqi valları buraxılıb.

Çıxışlar muzeyin materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub. Şövkət Məmmədovanın ifaları yer alan audio və videoyazılar nümayiş etdirilib.

Tədbir Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solistləri – Əməkdar artist Səbinə Vahabzadə (vokal), beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atəş Qarayev (vokal), Fatimə Cəfərzadə (vokal) və Roza Səlimovanın (fortepiano) ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.2.