Böyük Zəfərin müqəddiməsi

 

 

Regional mədəniyyət idarələrinin tabe müəssisələrində 2016-cı ilin Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib, yeni tariximizin şanlı səhifəsi olan bu döyüşlərdə şəhadətə yüksəlmiş qəhrəmanların xatirəsi yad olunub.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi (RMİ) Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşləri şəhidi Rəşid Mehdiyevin anım günü ilə bağlı keçirilən tədbirdə qəhrəmanın həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

 

***

 

İsmayıllı RMİ Ağsu rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Aprel döyüşləri: böyük Zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilib. Ağsu Mədəniyyət Sarayında təşkil olunan tədbirdə çıxış edənlər üçrəngli bayrağımızın Aprel zəfəri zamanı Lələtəpədə, bu gün isə Şuşada, Ağdamda, Kəlbəcərdə – Qarabağımızda dalğalandığını vurğulayıblar. Sonda “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilib.

 

***

 

Masallı RMİ N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Bir şəhid, bir şahid” adlı tamaşa nümayiş olunub. Masallı, Cəlilabad və Biləsuvar xalq teatrlarının səhnə ustaları və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə ərsəyə gətirilən səhnə işi Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərli qardaşlarının əziz xatirəsinə ithaf olunub. Yazıçı-publisist Nurəddin Ədiloğunun pyesi əsasında hazırlanan tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidovdur. Tamaşadan sonra şəhid qardaşların anası Ziba Əsgərli, Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov çıxış edərək yaradıcı kollektivlərə minnətdarlığını bildiriblər.

 

***

 

Sumqayıt RMİ Zəngilan rayon nümayəndəliyi tərəfindən Aprel döyüşləri şəhidi Müşfiq Orucovun ailəsi ziyarət olunub. Əməkdaşlar ailənin qayğıları ilə maraqlanıblar.

 

***

 

Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Tural Hümmətovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. RMİ-nin rəisi Şahin Şahbazov, idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, şəhidin ailə üzvlərinin və digər qonaqların iştirak etdiyi tədbirdə Tural Hümmətov haqqında Mədəniyyət Nazirliyinin “Səhnədən səngərə” layihəsi çərçivəsində hazırlanan videoçarx da nümayiş olunub.

 

***

 

Xaçmaz RMİ Qusar rayon Mərkəzi Kitabxanasında “Aprel döyüşləri böyük Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib. Çıxışlarda 2016-cı ilin Aprel zəfərinin əhəmiyyəti vurğulanıb, Qarabağın işğaldan qurtuluşunun uğurlu addımı kimi dəyərləndirilib.

 

***

 

Şəmkir RMİ-nin əhatə etdiyi Gədəbəy rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Aprel döyüşlərinə həsr edilmiş sənədli film nümayiş olunub.

 

***

 

Ağcabədi RMİ-nin tabeliyindəki Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində Aprel döyüşləri şəhidi Sarvan Mehralıyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

 

***

 

Ağdaş RMİ Göyçay rayon Mərkəzi Kitabxanasında “Teymur Qasımov, səni unutmadıq, unutmarıq” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi Teymur Qasımovun atası Mikayil Qasımov oğlunun döyüş yolundan söhbət açıb.

 

***

 

Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri - zəfərin başlanğıcı” adlı tədbir təşkil edilib. Tədbirdə 4 günlük Aprel döyüşlərindən bəhs edən “Vətən uğrunda” sənədli filmi nümayiş olunub.

 

Şirvan Dövlət Rəsm Qalereyası və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qələbəyə ilk addım – böyük Zəfərin başlanğıcı” adlı sərgi keçirilib.

 

***

 

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən “Aprel döyüşləri – zəfərə doğrumövzusunda tədbirdə Aprel döyüşlərinə həsr edilmiş videoçarx nümayiş olunub.

 

***

 

Şəki RMİ-nin tabeliyindəki Balakən rayon Hənifə kənd Diyarşünaslıq evində “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” mövzusunda tədbir keçirilib. Diyarşünaslıq evinin direktoru Nargilə Bayramova və digər qonaqların çıxışları dinlənilib.

 

***

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin Uşaq şöbəsi İkinci Qarabağ müharibəsi şəhidi Elşən Dünyamalıyevin doğum günü ilə əlaqədar olaraq “Vətən üçün ölənlər əbədi, ölməz olur” başlıqlı tədbir təşkil edib.

 

RMİ-nin əhatə etdiyi Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri tariximizin şanlı səhifələrindəndir” adlı tədbir təşkil olunub. Naftalan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə keçirilən tədbirdə mərkəzin direktoru Faiqə Ağayeva çıxış edib.

 

Hazırladı: Nurəddin

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.4.