Ədəbi yaddaşımızın “Məclisi-üns” səhifəsi

 

Şuşa ili

 

 

Məkan və zamanından asılı olmayaraq, söz və sənətin qiymətləndirilməsi ədəbi-mədəni mühitin inkişafına öz təsirini göstərir. XIX əsrdə bir çox bölgələrimizdə olduğu kimi, Qarabağda, Şuşada da yaradıcı insanların fəaliyyəti, onların irsinin təbliği üçün münbit şərait olub. Çünki Qarabağ xanlığında ədəbiyyat və mədəniyyətə xüsusi münasibət göstərilib, bu ənənələr sonralar da ziyalılar, sənət adamları tərəfindən yaşadılıb. Bu belə olmasa idi, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Aşıq Pəri, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu kimi şair, yazıçı və mütəfəkkirlər yetişə bilməzdi...

Şuşada sözlə sənət həmişə qoşa addımlayıb. XIX əsrdə şəhərin musiqi yığıncaqları ilə yanaşı poeziya məclisləri də burada ədəbi-mədəni mühitin inkişafında rol oynayıb. Mənbələrdə ən çox adıçəkilən Şuşa məclisləri “Məclisi-üns” və “Məclisi-fəramuşan”dır. Bu yazıda “Məclisi-üns” haqqında söz açacağıq.

“Məclisi-üns” (“Dostluq məclisi”) Şuşada 1864-cü ildə şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunub. Məşğələləri bir müddət sonra Hacı Abbas Agahın evində keçirilib, 1872-ci ildən isə Xan qızı Natəvanın sarayında davam etdirilib. Otuzdan çox üzvü olan məclisin rəhbəri Xurşidbanu bəyim idi. Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, İsgəndər bəy Rüstəmbəyov, Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi Nəsir Lövhi və başqaları məclisin daiminüfuzlu üzvləri idilər.

“Məclisi-üns”ə Natəvanın rəhbərlik etməsi, məclis üzvlərinin vaxtlı-vaxtında maddi cəhətdən təmin edilməsi də onun şöhrətinin artmasına təsir göstərib. Məclisin fəaliyyəti müntəzəm şəkil aldıqca və üzvlərinin sayı artdıqca onun sədası Qarabağın hüdudlarını aşır. Şamaxıdan S.Ə.Şirvani, M.Bixud, A.Zühuri, Şəkidən İ.Nakam, Bakıdan A.Müniri, Naxçıvandan M.T.Sidqi, Lənkərandan M.İ.Qasir Şuşaya – “Məclisi-üns”ün adına məktub yazaraq bu yeni ədəbi məclisi təqdir və təbrik edirlər.

Araşdırmalardan məlum olur ki, “Məclisi-üns”də qayda-qanuna, ədəb-ərkana və nizam-intizama xüsusi diqqət yetirilib. Məclisin qabaqcıl üzvləri arasında qadınlara yüksək dəyər verilib. XIX əsrin ikinci yarısında qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin özünəməxsusluğundan xəbər verirdi. Həmin vaxtlar Qarabağın tanınmış qadınlarından Xurşidbanu  Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri bədii yaradıcılıqla yanaşı, xeyriyyəçilik fəaliyyətləri ilə də seçiliblər.

Qarabağın görkəmli xanəndə və sazəndələri də məclisin yığıncaqlarında fəal iştirak ediblər. Hacı Hüsü, Məşədi İsi, Keştazlı Haşım və başqa xanəndələr “Məclisi-üns”ün də yığıncaqlarında yaxından iştirak ediblər. Şuşalı Həsən Mirhaşım oğlu Ağamirovun xatirələrindən məlum olur ki, adları yuxarıda qeyd olunan xanəndələrdən əlavə Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Hacı Məmməd Alı oğlu, Muxtar Kərbəlayı Məmməd oğlu, Məhəmməd Qaryağdı oğlu, Sadıqcan kimi sənətkarlar da “Məclisi-üns”ə çox yaxın olublar.

1890-cı illərin əvvəllərindən X.Natəvanın həyatında baş vermiş bir sıra kədərli hadisələrdən sonra (oğlu Mirabbasın və əri Seyid Hüseynin ölümüs.) “Məclisi-üns”ün fəaliyyəti zəifləyib. Burada şeir-sənət, musiqi ətrafında qızğın mübahisə və müzakirələr əvəzinə X.Natəvanın vəziyyəti ilə əlaqədar söhbətlər gedib. Ona şeirlər həsr edilərək tezliklə sağalması arzulanıb.

158 il öncə Şuşada yaradılan, sorağı bütün ölkəmizə yayılan “Məclisi-üns”ün fəaliyyəti 1897-ci ilədək – Xan qızı Natəvanın vəfatına qədər davam edib. Onu da bildirək ki, bu il dövlət başçısının sərəncamı ilə Natəvanın 190 illiyi qeyd olunur. Yubiley ilində “Məclisi-üns”lə görkəmli şairənin adı qoşa çəkiləcək...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 27 aprel.- S.6.