“Payızda gilənar dadı”

 

Şair-folklorşünasın yeni kitabının təqdimatı keçirilib

 

 

 

Bakıdakı “Kitabevim.azkitab mağazasında şair, folklorşünas, publisist, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlunun (Məmmədov) “Payızda gilənar dadı” şeirlər kitabının təqdimat və imza mərasimi keçirilib.

Tədbiri “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli açaraq Elxan Yurdoğlunu yeni kitabı münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Müəllifin elmi və bədii yaradıcılığının bir-birini tamamladığını deyən F.Yunisli bildirib ki, “Payızda gilənar dadı” onun sayca 9-cu bədii kitabıdır. Elxan Yurdoğlunun bir çox şeirlərində xalq yaddaşından gələn elementlərin aydın sezilməsi onun folklor bilicisi olması ilə bağlıdır.

Naxçıvan Dövlət Universitetinin dosenti, ədəbiyyatşünas Seyfəddin Eyvazov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Zəkulla Bayramlı, Fidan Nizaməddin, İbrahim Yusifoğlu, Gülnar Qəmbərova, Folklor İnstitutunun əməkdaşı İlhamə Qəsəbova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi İlkin Əsgər, sənətşünas Əsəd Quliyev, yazarlar Güllü Məmmədova, Allahverdi Aqil, Əkbər Qoşalı, Aləm Kəngərli, Arzu Nehrəmli, Sevda İbrahimli, Gülay Tahirli və başqaları çıxış edərək şairin yaradıcılıq məziyyətlərindən danışıb, təbriklərini çatdırıblar. Qeyd olunub ki, Elxan Yurdoğlu bədii və elmi fəaliyyətlə yanaşı, çağdaş ədəbi prosesi diqqətdə saxlayır, mətbuatda müntəzəm çıxış edir.

Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin qızı Ləman Hacıyeva şairin şəhidlərə həsr edilən şeirini səsləndirib.

Sonda Elxan Yurdoğlu təqdimat iştirakçılarına təşəkkürünü bildirib, kitabı qonaqlar üçün imzalayıb.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.7.