Qəribə, görünməmiş inci, bir də “OrfeyEvridika

 

Bakıda ilk dəfə keçirilən “Barokko günləri” festivalı bizim sənətsevərlər üçün çox maraqlı, həm də bir çox yeniliklərilə yadda qaldı. Yeniliklərdən biri və bəlkə də ən birincisi o oldu ki, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Avropa barokko musiqisinin incilərindən sayılan, XVIII əsrin görkəmli alman bəstəkarı Kristof Villibald QlükünOrfeyEvridika” operasının premyerası baş tutdu.

 

Tamaşa barədə danışmazdan əvvəl barokko kəlməsi barədə söz deyək ki, niyə məhz barokko sayaq sualları qabaqlayaq. XVI-XVII əsr Avropa incəsənəti və memarlığında üstün olmuş, xırdalıqlara, rəmz və alleqoriyalara diqqət, möhtəşəm kompozisiyalar, abartmalar, emosionallıq, incə, dalğavarı xətlər və dekor bolluğunun səciyyəvi olduğu bu üslubun adı portuqal dilindən tərcümədə “nahamar formalı mirvari” deməkdir. Memarlıq və incəsənətdə öz diktəsini yeritmiş italyanlar isə barokko dedikdə qəribə, görünməmiş nəsnəni nəzərdə tutublar. Beləliklə, dənizlər fatehi portuqallarla səhnələr triumfatoru italyanların münasibətini bir ifadədə birləşdirsək, barokkonu – qəribə, görünməmiş inci kimi təqdim edə bilərik.

 

İnditamaşa barədə. Orta statistik Azərbaycan dinləyici auditoriyasının əksəriyyəti yəqin ki, Orfey ismini ilk dəfə unudulmaz Müslüm Maqomayevin ifa etdiyiMelodiya” mahnısında eşidib: “Sən mənim melodiyamsan, mən sənin sadiq Orfeyin...”. Bəli, mahnıda adıçəkilən Orfey, qədim yunan əsatirlərindən bu günə qədər kişi sədaqətinin nümunəsi sayılan həmin mifik qəhrəmandır. Bəstəkar Qlükün operası da həmin qədim yunan əsatirindən qidalanır. Lakin 1762-cı il oktyabrın 5-də Vyanada ilk dəfə oynanılan bu operada bəstəkar librettonun müəllifi Ranyero da Kalsabici ilə birlikdə əsatirin süjetini bir qədər dəyişilmiş tərzdə təqdim etmişdi. Operanın titul qəhrəmanları Orfeyonun sevimli zövcəsi Evridika adi insanlar kimi göstərilmişdi. Yeri gəlmişkən, yunan əsatir qəhrəmanı frakiyalı Orfey dahi musiqiçi sayılır və yunanlar onu ilahiləşdirirlər.

 

Ölümün vaxtsız ayırdığı bədbəxt sevgililər barədə kədərli əsatir dildən-dilə düşdükcə, müxtəlif müəlliflər ona müraciət etdikcə zaman-zaman çox fərqli versiyalar ortaya çıxmışdı. Lakin Kristof Qlükün sayəsində tamaşaçılar bu əhvalatı məhəbbətin və sədaqətin təntənəsi kimi görür. Bəstəkar əsatirin faciəvi məzmununu xoşbəxt sonluğa aparıb çıxarır. Musiqi əsəri dinləyiciyə bir daha çatdırır ki, əsl hisslər zamandan, məsafədən, ayrılıqdan, hətta ölümdən də üstündür.

 

Əsər barədə uzun danışmaq istəmirik. Əminik ki, Akademik OperaBalet Teatrı “OrfeyEvridika” tamaşasını festival günlərində nümayiş etirməklə kifayətlənməyəcək, onu daimi repertuarına daxil edəcək. Hər halda musiqisevərlərin marağı, tamaşanı nəfəs dərmədən həvəslə izləməsi bizə belə düşünməyə imkan verir.

 

Oxucu sual verə bilər: madam ki, “OrfeyEvridika” operası bu qədər maraqlı və mükəmməl əsərdir, niyə indiyədək bizim teatrda təkcə adı çəkilən əsər yox, eləcə də başqa barokko operaları, erkən Avropa operaları səhnələşdirilmir? Cavab sadədir: səs.  Daha doğrusu, səs qıtlığı. Məsələ ondadır ki, intibah dövrü və erkən Avropa operalarındakı kişi qəhrəmanların partiyaları əsasən, o zamankı dillə desək, kastrat, yəni xədim səsi üçün yazılırdı. Bu gün nə qədər vəhşi, iyrənc və eybəcər səslənsə də, Orta əsr Avropasında gözəl vokal səsi olan yeniyetmə oğlan uşağını səsin sınma yaşı çatmamış xədim edirdilər ki, yetkinlik yaşına çatanda səsi qalınlaşmasın. Çünki təbiət həmin ariyaları ifa edəcək səsi – kontratenor səsini çox nadir hallarda insana bəxş edirbir qayda olaraq da, belə səs sahiblərinin çoxu öz vokal səsinin imkanlarından (bəzən isə hətta səsin mövcudluğundan) xəbərsiz olur. Olsun ki, belə bir qəddar qərar həm də dövrün musiqi alətlərinin sırf texniki imkanlarına bağlı olub. Bəzən isə teatrlarda kontratenor səsi üçün yazılmış ariyaları kişi qiyafəsində səhnəyə çıxan messo-soprano, yaxud kontralt səsli qadın vokalçılar ifa edirlər.

 

Amma bizim bəxtimiz gətirib. Əməkdar artist İlham Nəzərov həmin nadir kontratenor səsinə malikdir.

 

Elə “OrfeyEvridika” tamaşasının əsl qəhrəmanı da İlham Nəzərov oldu. Musiqişünaslar əfsanəvi frakiyalı müğənni Orfeyin partiyasını nəinki mürəkkəb, hətta qəliz adlandırırlar. Bizim Orfey öz qəhrəmanının partiyasını təkcə vokal baxımından deyil, həm də emosional cəhətdən dolğunluqla çatdıra bildi. İfaçı ilk səhnədə – sevdiyi qadının ölümü səhnəsində də, onun ardınca mərhumlar aləmində də səmimi və təbii idi. Ümumiyyətlə, İlham Nəzərov bir sənət adamı olaraq çox çalışqan, oxuduğu hər nəğməyə, romansa belə can qoyan, onu obraz kimi təqdim etməyi bacaran şəxsdir. Zəhmətsevərlik istedadla birləşəndə isə mütləq ürəkaçan ortaya çıxır.

 

Ukrayna Milli Operasının solisti Anastasiya Povajna da Evridikanı əsatir qəhrəmanı kimi deyil, məhz Qlükün görmək istədiyi sevən qadın kimi çatdırdı. Evridikanın vokal partiyası çox kiçik olsa da, gənc və yaraşıqlı ukraynalı vokalçı öz səs imkanlarını göstərə bildi.

 

Əməkdar artist İnarə Babayeva qoruyucu mələk Amur kimi maraqlı obraz yarada bildi. Öz incə və işvəkar Amuru ilə İnarə xanım indiyədək oxuduğu uğurlu partiyalara birini də əlavə etdi.

 

İndiyədək bizim teatrın səhnəsində bir neçə Avropa operasına uğurlu quruluş vermiş Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak isə “OrfeyEvridika” tamaşası ilə əməkdaşlıq siyahısına daha bir əsərin adını əlavə etmiş oldu. Üstəlik, quruluşçu rejissor 3 pərdədən ibarət tamaşanı birhissəli bitkin tamaşa kimi qurmağa müvəffəq olub.

 

Başqa teatrları deyə bilmərik, amma bizim teatrdaOrfeyEvridika” operasını izləyənlər sanki bir göstəridə iki tamaşa seyr etmiş oldular: biz səhnədə əsas qəhrəmanların oxşarlarını, sənət dili ilə desək, alter-eqolarını da gördük. Baletmeyster, Xalq artisti Kamilla Hüseynovanın təşəbbüsü ilə titul qəhrəmanların hisslərini, arzu və istəklərini plastik baxımdan ifadə edən balet artistləri tamaşaya daxil edilib. Əməkdar artist Anar Mikayılov–Liana Praqa cütlüyüOrfeyEvridika” əhvalatını rəqsin dili ilə nəql etdi.

 

Orkestrin ifasına gəlincə. Sanki Akademik OperaBalet Teatrının simfonik orkestri çoxdan bəri belə fərqli və musiqi palitrası baxımından saf və maraqlı əsər üzərində çalışmaqdan ötrü darıxıbmış. Baş dirijor, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestr Qlük dövrünün musiqi ovqatını çox ustalıqla ifa edərək salonu, saat yarım da olsa, barokko teatrları dövrünə apara bildi.

 

Əslində dövr demişkən… Olsun ki, bu gün – XXI əsrdə həyat ritminin itiləşdiyi, arzuların cılızlaşdığı, hövsələnin daraldığı, informasiyanın bollaşdığı dövrdə aradabir ötən dövrlərə qayıtmaq da gərəkdir. Nağılları seyr etmək, dinləmək, hətta qısa zaman kəsiyində özünü o nağılın içində hiss etməkdə də fayda var

 

Eynilə “OrfeyEvridika” operasının seyrindəki kimi.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.5.