Türkiyə dərgisində Şuşa şairləri haqqında məqalə
Türkiyə “Dil və ədəbiyyat” dərgisinin 163-cü sayında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə və Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı haqqında geniş məqalə dərc olunub.
“Şuşa və Qarabağın üç şaireyi-möhtərəməsi” adlı məqalənin müəllifi Türkiyənin tanınmış alimi, professor Murat Ertaşdır.
XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş xanım şairlərdən bəhs edən nəfis tərtibatlı kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, redaktoru İradə Musalıdır.
Mədəniyyət.- 2022.- 3
avqust.- S.6.