Kinoda təsadüfi deyildi...
Azərbaycan kino salnaməsini özünəməxsus yaradıcılıq üslubu ilə zənginləşdirən kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Ələkbər Muradovun (1.8.1948 –1.8.2013) anadan olmasından 74 il ötdü. Doğum və ölüm tarixi eyni günə təsadüf edən kino fədaisini təqvimin yaddaşına istinadən yox, məhsuldar yaradıcılığına, maraqlı ömür yoluna görə xatırlamağı özümüzə borc bilirik.
Ömrün hesabatını illərə yansıyan əməyin nəticəsi, uğurun cəmi verir. Ələkbər Muradovun da yaradıcılıq bioqrafiyasındakı 50-dən artıq film istedad və zəhmətinin bariz nümunəsidir. Bu sənətdə təsadüfi olmadığını yaradıcılığında dönə-dönə təsdiqləyən kino sevdalısının operatorluq peşəsinə sevgisi atası Yunus kişidən keçmişdi. O gənc yaşlarında fotoqrafiya sənətinə böyük maraq göstərib, kəndlərində foto dərnəklərinə rəhbərlik edib, az müddət ərzində kinomexanik kimi tanınıb, hətta Əmircan klubunda ilk dəfə səsli film nümayiş etdirib. Sonralar Bakı kinostudiyasında plyonka emalı laboratoriyasında mexanik, kinolentlərin emalı laboratoriyasında böyük texniki rəhbər vəzifəsində çalışıb. Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) təhsil alıb, bir müddət sonra həmin institutda “Avtomatika və telemexanika” kafedrasında işləyib, həmçinin “Azərbaycanfilm”də rəngli kinoplyonka emal edən avadanlıqların qurulub işə salınması ilə məşğul olub.
Kinonun texniki təchizatını dərindən bilən Yunus Muradovun oğlu da bu sənətə biganə qala və sənətdə sadə bir yol keçə bilməzdi. Elə buna görə də Ələkbər Muradov istər sənədli, istərsə də bədii kinoda yanaşdığı hər bir mövzuya dərindən nüfuz edib, ekran əsərlərinin məna və mahiyyətini göstərməyə nail olub.
Oğlu, kinorejissor Murad Muradovun xatirələrində Ələkbər Muradovun ömür yolu daha aydın görünür: “Atamın hələ kiçik yaşlarından kinoya həvəsi olub. 10-cu sinifdə oxuyarkən babam ona kinokamera alıb. İlk dəfə əlinə kameranı alanda da Əmircan kəndindəki tanınmış qoşa minarəli məscidi çəkib. Atam Azərbaycan Neft və Kimya İnstitutunda oxuyarkən də kino dərnəyinə gedib. Həmin institutu bitirdikdən sonra isə kinodan ayrı qala bilməyəcəyini görərək sənədlərini Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutuna verib, kinooperatorluq fakültəsinə daxil olub. Babam inanmayıb ki, o, həmin instituta daxil ola bilər. Buna görə də ona ancaq yol pulu verib yola salıb.
Atam institutu
əla qiymətlərlə
bitirib. Bəxti onda gətirib
ki, institutda məşhur kinooperator Aleksandr Qalperinin kursunda oxuyub, ondan peşə sirlərini öyrənib.
Düzdü o daha çox
sənədli kinoda işlədi, amma bədii kinoda da uğurlu işləri var. Ssenarini oxuyanda mövzu onun üçün maraqlı olurdusa, operator kimi çalışmağa
razılıq verirdi.
Kinonun bütün janrlarını
sevirdi. Onun üçün əsas olan çalışdığı
filmlərdə operator işinin
incəliklərini göstərmək,
peşəkarlıq nümayiş
etdirmək idi...”.
Ələkbər Muradovun filmoqrafiyasına nəzər salanda onun bir ildə
bir neçə film üzərində işlədiyinin
şahidi oluruq. Bu isə kinorejissorların onun bacarığına güvənməsi, filmlərinin
taleyini ona həvalə etməsi deməkdir. Gənc
operator kino fəaliyyətinin
ilkin mərhələsində
“Mozalan” kinojurnalı üçün “Məhəbbətin
familiyası” filmində
müstəqil operator olub.
“Qərib cinlər
diyarında” bədii filmində operator assistenti
kimi işləyib.
Bundan sonra “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm!”
filmlərində ikinci
operator olub, “Qaladan tapılan mücrü” (Valeri Kərimovla birgə), “O dünyadan salam” və
digər bədii filmlərə operator kimi quruluş verib.
Əməkdar artist Suğra Bağırzadənin
xatirələrində də
sənətkarın fərqli
potensialından xəbərdar
oluruq: “Ələkbər
Muradovla iki filmdə işləmişəm.
Operatorluqdan, rejissorluqdan əlavə,
o həm də gözəl rəssam idi. Filmlərin biri üçün iki otaqda elə
fərqli obyektlər yaratmışdı ki, baxanda heç kim başa
düşə bilməzdi
ki, müxtəlif çəkilişlər məhz
iki otaqda çəkilib. O, işinə
həddən artıq
həssas və peşəkarcasına yanaşırdı...”.
Ələkbər Muradovun rəssamlıq
bacarığının qaynağını
oğlu Murad belə xarakterizə edir: “Azərbaycanın tanınmış rəssamı
Səttar Bəhlulzadə
atamgilin qohumu idi. Onlara tez-tez gedib-gələrmiş.
Atam da uşaqlıqdan rəssamlıqla məşğul
olmağa başlayıb.
Çəkdiyi əsərləri də hər dəfə Səttar Bəhlulzadəyə göstərərmiş.
Məşhur rəssam da
öz fikirlərini atama bildirər, məsləhətlərini verərmiş.
Beləliklə, atamın rəssamlıq
bacarığı üzə
çıxıb. Atamın dostları
çox idi. Onların evlərində, şəxsi
kolleksiyasında atamın
əsərləri saxlanılır.
Hətta
İranda da sərgisi keçirilmişdi.
Qayıdanda mükafatlarla
gəlmişdi...”.
Əməkdar incəsənət xadimi,
kinooperator, rejissor Nizami Abbas da
Ələkbər Muradovla
uzun illər dostluq edib: “Ələkbəri 1976-cı ildən
tanıyırdım. Həmin dövrdə
o, “Azərbaycanfilm”də ikinci
operator kimi fəaliyyətə
başlamışdı. Tədricən münasibətlərimiz daha da yaxşılaşdı.
Çünki ali məktəbə hazırlaşarkən Ələkbərdən
çox məsləhətlər
almışdım. Tale elə
gətirdi ki, mən özüm də Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu operatorluq ixtisası üzrə bitirdim və “Azərbaycanfilm”də çalışmağa
başladım. Onunla hətta
bir neçə dəfə Rusiyaya ezamiyyətə də getdim. İnsanlarla isti münasibəti
vardı. Moskvada olanda
birinci növbədə
dostlarını axtarıb
tapırdı, görüşürdü.
Yaxın
dostlarından biri də Gürcüstanın
məşhur kinooperatorlarından
Qiya Kusraşvilidir.
Onun vasitəsilə Kusraşvili ilə dost oldum. Qiya ilə söhbət
edəndə elə
an olmayıb ki, Ələkbəri xatırlamayaq.
Ələkbərin çox maraqlı rəsm əsərləri
var. Bacarıqlı insan
idi, təəssüf
ki, öz dəyərini bilmirdi, potensialını qiymətləndirmirdi. Özünəməxsus danışığı, zarafatları
onu sevdirirdi və yumor hissi
də güclü idi. Haqsızlığa qarşı həmişə
etirazını açıq-aydın
bildirirdi. Bu isə çoxlarının
xoşuna gəlmirdi.
İnsanların üzünə yalandan
gülməzdi, kimin hansı xüsusiyyətini
bəyənmirdisə, sözünü
həmin dəqiqə
deyərdi.
Bir müddət
elə oldu ki, o, kinostudiyadan ayrıldı. Mən deyərdim ki,
o ayrılıq bəlkə
də ömrünün
çox hissəsini onun əlindən aldı. Yaxşı ki, “Azərbaycanfilm”də
sənədli və bədii filmlərini ərsəyə gətirə
bildi. Yaradıcılığı
çox ola
bilərdi, heyf ki, həyatdan tez köçdü...”
Ələkbər Muradovun bədii kinoda rejissor kimi ilk müstəqil işi “Güllələnmə
təxirə salınır”
kino dramıdır. İkinci Dünya
müharibəsindən sonrakı
illərdə mürəkkəb
mühit, cəmiyyətdə
baş verən gərgin hadisələr, insanların çətin
sosial durumu filmin əsas leytmotividir.
Gərgin
hadisələri psixoloji
nüanslarla əks etdirən, tamaşaçıları
yaxın keçmişin
müasirinə çevirən
və hər bir kadrı ilə düşündürməyə
vadar edən filmin çətinliklə
ərsəyə gəlmə
səbəbini də oğlundan öyrənirik:
“Güllələnmə təxirə
salınır” filminin
çəkilişləri 1993-cü ildə başlamışdı.
İlkin mərhələdə
film sponsor dəstəyi ilə
çəkilmişdi. Ancaq naməlum
səbəblərə görə
vəsait tam olaraq verilmədi, çəkilişlər
dayandı. Həmin dövrdə
“Azərbaycanfilm” Kinostudiyasında
aşkarlama olmadığına
görə film Ukraynaya
aparıldı və orda aşkarlandı.
Lentlər 10 il
Ukraynada saxlanıldı.
Nəhayət, 2002-ci ildə atam
Ukraynaya filmi almağa getdi. Lentlər
normal şəraitdə saxlanılmadığına
görə neqativə
göbələk düşmüşdü.
Neqativ təmizləndikdən sonra
Azərbaycana gətirildi.
Mədəniyyət Nazirliyinin dəstəyi
ilə filmin yarımçıq işləri
(səsləndirmə və
montaj) tamamlandı.
Mən özüm də filmdə Xanın uşaqlığını oynayıram.
Tale elə gətirdi
ki, filmin tamamlanma işləri olanda ikinci rejissor
kimi də atama kömək etdim. Yaxşı yadımdadır, film “Nizami” kinoteatrının iki zalında uğurla nümayiş olundu. Zallar adamla dolu idi,
nümayişlər anşlaqla
keçirdi...”.
Atasının yolunu davam etdirən
Murad deyir ki, atam bu
sənətə gəlməyimi
istəmirdi. Çünki sənətin çətinliklərini
bilirdi: “Dostları bu sənəti seçdiyimi biləndə
və ondan mənim haqqımda nəsə soruşanda “oğlumu oda atdım” deyirdi. Bu gün bu od məni yandırsa da, mən sənətimdən
zövq alıram. Şadam ki, atamın davamçısıyam.
İşdə kollektivlə səmimi davranırdı. Heç vaxt ayrı-seçkilik
etmirdi. Evdə isə çox
ciddi idi, sərtliyi də vardı. Biz onunla
dost idik, bununla belə aramızda böyük məsafə olub. Böyük qardaşım Elnur
başqa peşənin
sahibidir. Atam iki dəfə ailə qurub. Birinci evliliyini valideynləri
istəyib. O, Kinematoqrafiya
İnstitutunda təhsil
alacağını bildirsə
də, valideynləri evləndirmək fikrindən
vaz keçməyiblər.
Birinci evliliyi uğursuz olub. Bir müddət sonra
anamla ailə qurub. Anam ilk vaxtlar Azərbaycan Dövlət İncəsənət Muzeyində
çalışıb. Mən doğulandan
sonra işləməyib.
Biz sadə ailə
olmuşuq. Çətin günlərimiz də olub, yaxşı günlərimiz də.
Atam həmişə ailəcanlı
olub. Bəzən işimdə nöqsan
olanda məni danlayırdı, tənqid
edirdi. Bilirdim ki, bunları
mənim gələcəyim,
yaxşılığım üçün edir.
Buna görə də həmişə onunla razılaşırdım.
Hərdən onun danlağı,
tənqidləri üçün
darıxıram. Evdə də,
sənətdə də
yoxluğunu hiss etmək
çox çətindir.
Amma sevinirəm ki, onun oğluyam
və buna görə də qürur hissi keçirirəm...”.
Şəhla Əmirli
Kinoşünas
Mədəniyyət.- 2022.- 3
avqust.- S.7.