Mədəniyyət naziri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

 

Mədəniyyət naziri Anar Kərimov avqustun 1-də “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qaliblərindən Fərrux Əliyev ilə görüşüb.

Görüşdə müsabiqənin mentorluq proqramına dair fikir mübadiləsi aparılıb, bu günə qədər həyata keçirilən görüşlərin müsabiqə qaliblərinin inkişafına verdiyi töhfədən söz açılıb, proqram çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

 

Söhbət zamanı nazirliyin innovasiya strategiyasının formalaşdırılması üzərində aparılan işlərə də toxunulub. Qeyd olunub ki, strategiyanın əsas məqsədi Mədəniyyət Nazirliyini bir struktur kimi daha innovativ etmək, əməkdaşların mühitinə yeniliklər gətirməkdir.

Eyni zamanda, görüşdə dövlət qurumlarında işlərin xüsusiyyətləri, üstünlük və çətinlikləri, özəl sektordan fərqli cəhətləri müzakirə olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradıcı sənayelərin inkişafı istiqamətində bundan sonra görüləcək işlər barədə də söhbət açılıb.

Sonda mentorluq proqramının bitməsinə baxmayaraq, əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulanıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Birinci “Yüksəliş” müsabiqəsi 2021-ci ildə keçirilib. Bu il isə ikinci “Yüksəliş” müsabiqəsi təşkil edilib. Ümumilikdə 12 mindən çox müraciətin olduğu müsabiqənin 15-17 iyul tarixində keçirilən finalında 116 namizəddən 22 nəfəri qalib adını qazanıb. Ən gənc qalibin 23, ən yaşlı qalibin isə 37 yaşı var.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri:  Məmmədli Emil, Tairquliyeva-Nağıyeva Arzu, Hüseynov Mustafa, Əhmədov Əli, Hüseynov Elmir, Həziyev Elşən, Əzimov Azər, İsazadə Şöhrət, İsmayıllı İlyas, Ziyadov Elkiyar, Nağıyev Camal, Mahmudov Hüseyn, İsayev Fərid, Məhərrəmli Fərrux, Sultanlı Xanbaba, Balakişiyeva Nərgiz, Abulov Ramil, Məsimzadə Nihad, Mehriban Rəsulova, Hüseynov Etibar, İsmayılova Nərgiz, Vüsalə Bayramova.

Qaliblər 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq (mentorluq) imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı qazanıblar.

 

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.1;2.