Azərbaycan kinosu 124
yaşını qeyd etdi
“Xalqımız şanlı Zəfərin kino sənətində də əbədiləşdirilməsini
gözləyir”
Avqustun 2-də Azərbaycan
kinosunun 124 yaşı
tamam oldu. 1898-ci ilin həmin günü Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı qısa xronikal süjetləri şəhər sakinlərinə
nümayiş etdirmişdi. Həmin tarix Azərbaycanda
kinonun yaranma günü hesab olunur.
Prezident
Heydər Əliyevin
18 dekabr 2000-ci il tarixli sərəncamı ilə
avqustun 2-si ölkəmizdə
kino işçilərinin
peşə bayramı
– Azərbaycan Kinosu Günü elan edilib.
Azərbaycan kinosunun yaranmasının
124-cü ildönümündə Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda
açıq havada
film nümayişi keçirildi.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, tanınmış kino xadimləri, digər qonaqlar, kinosevərlər iştirak edirdi.
İlk olaraq qonaqlar kinomuzun tarixini əks etdirən sərgi ilə tanış oldular. Sərgidə Azərbaycan kinosunun
səssiz mərhələsindən
sovetlər dönəmi
bitənə qədər
film çəkilişlərində istifadə edilmiş texnika və avadanlıqlar, filmlərdən
fotolar nümayiş olunurdu. Sərgi Azərbaycan Dövlət
Film Fondu tərəfindən
təşkil edilmişdi.
Dövlət Film Fondunun direktoru,
Əməkdar incəsənət
xadimi Cəmil Quliyev çıxışında
Azərbaycan kinosunun uzun və şərəfli,
şanlı yol keçdiyini dedi: “Kinomuzun tarixini mən üç mərhələyə bölərdim.
Birinci mərhələ 1898-ci ildən
başlayaraq 1923-cü ilə
qədər Azərbaycan
kinosunun səssiz dövrü. 1923-cü ildən 1991-ci ilə qədərki ikinci mərhələdə Azərbaycanın
ilk uşaq, səsli və rəngli filmi çəkilib.
Nəhayət, 1991-ci ildən Azərbaycanın
müstəqil kino dövrü başlandı.
Bu illər ərzində
Azərbaycan kinosu böyük nailiyyətlər
əldə edib.
Filmlərimiz bir çox
festivallarda uğur qazanıb”.
Tədbirdə çıxış edən
mədəniyyət naziri
Anar Kərimov əlamətdar gün münasibətilə kino sahəsində çalışanları
və kinosevərləri
təbrik etdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi artıq iki ildir, Milli
Kino Günü münasibətilə
açıq havada filmlərin təqdimatını
keçirir: “Mən əminəm ki, sizlər də belə açıq havada keçirilən tədbirləri çox sevirsiniz. Hər bir cəmiyyətin
inkişafında kino böyük rol oynayıb. İnkişaf etmiş cəmiyyətlərin
mədəniyyətlərinə baxsaq görərik ki, kino orada
çox böyük yer alıb. Azərbaycan da bu sahədə
istisna deyil. 124 il özlüyündə
fəxr ediləsi bir rəqəmdir. Mən deyərdim ki, hər ölkə bu qədər zəngin kino tarixinə malik deyil. Biz Azərbaycan
kinosunun 124 il ərzində qət etdiyi yola baxdıqda
onun necə bir inkişaf yolu keçdiyinə şahid oluruq”.
Milli kinonun tarixinə ekskurs edən Anar Kərimov dedi ki, Azərbaycanın
ilk rəngli filmi olan “O olmasın, bu olsun” (1956) texniki keyfiyyətinə görə dünyada ilk çəkilən üçüncü
rəngli film hesab edilir və bu da fəxr
ediləsi bir nailiyyətdir.
Nazir vurğuladı ki, ulu öndər Heydər Əliyevin kino xadimlərinə qayğısı, kino ictimaiyyəti ilə mütəmadi görüşləri və bu sahədə çalışan insanların təltif edilməsi dövlətin kinoya diqqətinin bir göstəricisidir. Bu ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Kino sahəsinə daimi diqqət var və bu sahədə çalışan şəxslərin zəhməti mütəmadi olaraq qiymətləndirilir: “Məlum olduğu kimi, ölkə başçısının 20 aprel 2022-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi yaradılır. Əminəm ki, bu agentlik ölkəmizdə kinonun inkişafı, onun dünya bazarına çıxarılması, bu sahəyə özəl sektorun cəlb edilməsi və s. kimi hədəflərə nail olacaq. Mən bilirəm ki, cəmiyyətimizin Azərbaycan kinosundan böyük gözləntiləri var. Azərbaycan hazırda şanlı tarixini yaşayır. Xalqımız Vətən müharibəsində əldə edilən Zəfərin sənətdə əbədiləşdirilməsini gözləyir. Biz də həmin gözləntiləri nəzərə alaraq bu il Vətən müharibəsinə həsr olunan serialın çəkilişlərinə başlayırıq. İnanıram ki, bu ilin axırına kimi serialın ilk bölümləri cəmiyyətimizə təqdim ediləcək. Bununla da Vətən müharibəsində qazandığımız şanlı Zəfər, Ali Baş Komandanın uzaqgörən rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlıqları bu serial vasitəsilə əbədiləşdiriləcək. Biz çalışırıq ki, kino sənayesinin canlı bir orqanizm kimi daim fəal olmasını təmin edək və kinosevərlərimizi layihələrimizlə sevindirək”.
Çıxışlardan sonra “Gənc Azərbaycan kinosu proqramı” çərçivəsində Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor – Gülay Babayeva), “Hasar” (rejissor – Qulu Əsgərov) bədii, “Böyük qırmızı ev” (rejissor – Leylaxanım Qənbərli) sənədli, “Tarix” (rejissor – Ceyhun Türksoy) animasiya filmləri, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki yol” (rejissorlar – Səddam Mehdiyev və Murad Hüseynov) və “Orizuru” (rejissorlar – Nihad J. və Elgün Quliyev) qısametrajlı bədii ekran əsərləri nümayiş olundu.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2022.- 3
avqust.- S.1;2.