Azərbaycan bədii fikrinin
görkəmli siması
Natəvanın 190 illiyi
münasibətilə elektron məlumat
bazası, kitab sərgisi və yeni nəşrlərin təqdimatı
Klassik poeziyamızın parlaq nümayəndəsi, şairə, ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi ölkəmizdə silsilə tədbir və layihələrlə qeyd olunur.
Avqustun 15-də Milli Kitabxanada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş sərginin açılışı və “Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Mustafa Çəmənlinin “Neyçin gəlməz” və Bəylər Məmmədovun “Xurşidbanu Natəvan” kitablarının da təqdimatı olub. Hər iki kitab “Təhsil” nəşriyyatında işıq üzü görüb.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından bəhs edib. Bildirib ki, Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Kərim Tahirov şairənin yubileyi ilə bağlı mərasimlərin il ərzində davam edəcəyini, o cümlədən Natəvanın vətəni Qarabağda müxtəlif tədbirlərin keçiriləcəyini deyib.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxış edərək bildirib ki, Xurşidbanu Natəvan istər ictimai fəaliyyəti, istərsə də ədəbi yaradıcılığı ilə Azərbaycan xanımı üçün bir nümunədir. Şöbə müdiri Natəvanın yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin zəngin tədbirlər planı hazırladığını diqqətə çatdıraraq sentyabr ayında şairənin 190 illiyinin Şuşada və digər regionlarda da təntənəli şəkildə qeyd ediləcəyini bildirib. O həmçinin “Məclisi-üns” ədəbi məclisinin bərpa olunacağını, Xurşidbanu Natəvanın keçdiyi həyat yolu, elmi fəaliyyəti və bədii yaradıcılığının tədqiqi istiqamətində işlər görüldüyünü və bu mövzuda yeni kitabların nəşr olunacağını bildirib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli bildirib ki, Füzuli ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri olan Natəvan XIX əsr Azərbaycan dilinin inkişafında da böyük rol oynayıb. Xurşidbanu Natəvanın 190 illik yubileyinin geniş şəkildə qeyd olunması dövlətimizin milli ədəbiyyata, incəsənətə, xalqımızın sənətkarlarına, görkəmli şəxsiyyətlərinə verdiyi dəyərin göstəricisidir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli çıxışında qeyd edib ki, Natəvanın hələ sağlığında 20-dək qəzəlinə nəzirələr yazılması, Mirzə Fətəli Axundzadə, Mir Möhsün Nəvvab və digərlərlərinin öz əsərlərində şairəni yada salması onun nə qədər böyük nüfuza malik olmasınının göstəricisidir. Alim Natəvan haqqında yazdığı monoqrafiyanın bu yaxınlarda çap olunacağını deyib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov bildirib ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. Yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamış şairənin ilk vaxtlar “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb. 1870-ci ildən etibarən şairə özünə “Natəvan” təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaradıb. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib.
“Təhsil” nəşriyyatının direktoru Tural Axundov çıxış edərək Natəvanın 190 illik yubileyinə töhfə olan iki nəşr – M.Çəmənlinin “Neyçin gəlməz” və B.Məmmədovun “Xurşidbanu Natəvan” kitabları haqqında məlumat verib.
Çıxışlardan sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvan” adlı elektron məlumat bazası haqqında ətraflı söz açıb. Qeyd edib ki, elektron məlumat bazası “Prezident İlham Əliyevin Xan qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”, “Əsərləri”, “Filmoqrafiya”, “Videoqalereya”, “Fotoqalereya” bölmələrindən ibarətdir.
Sonda tədbir iştirakçıları “Xurşidbanu Natəvan – 190” adlı kitab sərgisi ilə tanış olublar.
Mədəniyyət.- 2022.- 17
avqust.- S.3.