Teatrdakı xoşbəxt adamla
yubileysayağı söhbət
“Teatrı sevməsən, öz
sənətinə bağlı olmasan, orada necə davam gətirmək,
işləmək, belə mürəkkəb canlı orqanizmi necə idarə etmək olar?...”
Bir ailəni təsəvvür edin. Böyük, qaynar həyat yaşayan ailəni. Bu ailənin çoxlu üzvü var ki, onların da hər biri öz problemini həll etməyə can atır, öz iddiasını yeritmək istəyir, öz arzusuna çatmağın xəyalındadır. Təsəvvür edirsiniz, belə bir ailəni idarə etmək həmin ailənin böyüyündən nə qədər müdriklik, səbir, enerji tələb edir? Təsəvvür etdinizsə, o zaman bu işin öhdəsindən məharətlə gələn qəhrəmanımızı təqdim edə bilərik: Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor-bədii rəhbəri, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azər Paşa Nemətov.
Azər Paşa müəllimlə onun 75 illik yubileyi ərəfəsində, teatr cameəsinin sakit mövsümünün tən ortasında görüşdük. Müsahibə üçün vədələşəndə zarafatla dedi ki, gözətçiyəm, şənbə günü (!) elə teatrda olacağam. Əslində, Azər Paşa müəllimin “gözətçiyəm” kəlməsinin arxasında hansı mənanın gizləndiyini bilirdim, yazının sonunda oxucular da biləcək.
… Yayın cırhacırında ilboyu həyatın qaynadığı, indisə səssizliyə qərq olmuş bu binaya gəlmək, xidməti qapıdan binaya daxil olmaq, dəhlizlərdə öz addımlarının səsini eşitmək adama qəribə gəlir. Azər Paşa müəllimin kabinetinə çatanadək az qalıram ki, məni istehza ilə süzən sükutu cırnatmaq üçün deyim ki, “sənin də dövranına az qalıb, sentyabr yoldadır”.
Nəhayət, Azər Paşa müəllimin otağına çatıram. Parametrlərinə görə böyük kollektiv rəhbərinin iş otağının ölçülərinə heç uyğun gəlmir bura. Yəqin ki, belə yaxşıdır. Azər Paşa müəllim nə qədər ciddi rəhbər, idarəçiliyi bacaran direktor olsa da, ilk növbədə rejissordur və… Və onun əsas iş yeri məşq otağı, bir də tamaşa salonunda səhnənin ən geniş, ən yaxşı göründüyü cərgədir.
– Azər Paşa müəllim, xoş gördük. Üç 25 yaşınız da mübarək!
– Çox sağ olun! Siz üç 25 deyirsiniz, amma mən deyirəm ki, əsrin dörddə üçü geridə qaldı…
– Necə adlandırmağımız fərq etməz: maraqlı, zəngin, təxminən yarım əsri ölkənin gözü qarşısında keçən bir ömür yaşamısınız. Əgər şərti olaraq, geridə qalan 75 ili üç mərhələyə bölsək, həmin iyirmibeşilliklərdə ən böyük qazancınız və itkiniz nə oldu? Onları necə xarakterizə edərsiniz?
– Düzü, bu barədə heç vaxt düşünməmişəm, yəni ömrümü, yaşadıqlarımı mərhələlərə bölüb təhlil etməmişəm. Çünki mənim üçün yaşadığım hər il vacibdir, sənətimdə atdığım hər addım mühüm mərhələdir. Məncə, ömrümü şərəflə yaşamışam, səmimi olmuşam, heç vaxt vətənimə, sənətimə xəyanət etməmişəm. Çox gözəl tərbiyə almışam. Təkcə davranış, ədəb-ərkan baxımından yox, həm də mənəvi baxımdan tərbiyəm mükəmməl olub. Azərbaycanın bütün böyük şair və yazıçılarını, sənət adamlarını evimizdə görmüşəm. Dünyanın ən müxtəlif ölkələrindən gələn sənətkarlar, rejissorlar, aktyorlar evimizdə qonaq olub, onların quruluşlarına, ifalarına baxmışam. Böyük yunan faciə aktrisası var idi: Aspasiya Papatanasiu. Bakıda qastrolda olarkən bizim evə qonaq gəlib, axşam da onun oyununu salondan izləmişəm. Şəxsi tanışlığı, ünsiyyəti arzu etdiyim artıq yetkin yaşlı görkəmli sənətkarlarla dostluq etmişəm, yəni onlar özləri məni seçmişdilər. Əgər soruşsanız ki, xoşbəxtəm, ya yox. Cavab verəcəyəm ki, bəli, mən xoşbəxt adamam. Heç kimin qarşısında baş əyməmişəm, işimin xatirinə belə, kimsəyə yaltaqlıq etməmişəm, düzdür, bu, yaxşı söz deyil, amma bu, belədir. Gözləmədiyim və gözlədiyim zərbələri alanda da möhkəm dayanmışam, əyilməmişəm. Sındırmaq istəyiblər, hətta elə zənn ediblər ki, məni sındırıblar da, yenə də yolumdan dönməmişəm, istədiyimə çata bilmişəm. Mənə istəklərimi həyata keçirməyə imkan verməyiblər, yenə də geri çəkilməmişəm. Sonda qalib gəlmişəm.
– Deyəsən, ömrünüzün o vaxtkı Leninqrad səhifəsi də bu cür zərbələrdən sonra açılmışdı…
– Teatrda başıma elə oyunlar gəldi ki!... Fikirləşdim ki, bəlkə mən teatrı bilmirəm, tamaşa qurmağı bacarmıram? Gedim, özümü başqa bir mühitdə sınayım. Getdim. O zaman Leninqradda Akademik Gənc Tamaşaçılar Teatrında çalışmağa başladım. Məlum oldu ki, mən düz yoldaymışam. Tamaşa verdilər, – qurdum. Bəyəndilər, mənimlə hesablaşmağa başladılar. Həmin teatrda görkəmli aktyorlar çalışırdı. Dostoyevskinin “Cinayət və cəza” əsəri əsasında çəkilmiş filmdə Raskolnikov rolunu oynamış Georgi Taratorkin kimi, Yevgeni Lebedov kimi məşhur aktyorlar mənim tamaşalarımda çıxış ediblər. Orada Kiril Lavrov kimi məşhur aktyorla dostlaşdım. Bakıda işləyəndə Yusif Vəliyev kimi nəhəng cavan Azər Paşanı öz dostu hesab edirdi.
– Leninqraddan qayıtmağınıza peşman olmadınız ki?...
– Məni Bakıya dəvət etdilər, amma teatra yaxın qoymadılar, işsiz qaldım. Mən də bekar durmadım, bir zirzəmi tapdım, oranı təmir etdim, zirzəmi teatrı yaratdım. Kimsəyə nə şikayət etdim, nə də qapı döydüm. Kimisə narahat etməkdən xoşum gəlmir. Ola bilər ki, kimlərsə mənim varlığımdan, iş başında, teatrda olmağımdan narahatdır, – bu da onların problemidir, mənim yox.
– Dediniz ki, arzularınızın qarşısında çox vaxt sədd çəkilib, siz də onu aşmısınız. Quruluş vermək istədiyiniz elə bir əsər var ki, baş qəhrəmanını oynayacaq aktyoru görmədiyiniz üçün onu səhnələşdirə bilmirsiniz?
– Yooxxx… Sadəcə, “Hamlet”i tamaşaya qoymağı çox istəyirdim. İki dəfə qarşımı kəsdilər, üçüncü dəfə ürəyim istəyən tamaşanı səhnələşdirə bildim.
– Torpağı sanı yaşayasınız, bir mərhum rejissorumuzdan vaxtilə müsahibə alanda demişdi ki, rejissor teatrı yalnız premyera günü sevir. Bəs siz necə düşünürsünüz?
– Yalnız premyera günü? Yox, razı deyiləm. Teatrı sevməsən, öz sənətinə bağlı olmasan, orada necə davam gətirmək, işləmək, belə mürəkkəb canlı orqanizmi necə idarə etmək olar?
– Müsahibəyə keçməzdən əvvəl xoş-beş edərkən dediniz ki, teatr bir ailədir. Ümumilikdə götürsək, çox mürəkkəb xarakterlərin toplaşdığı bu teatr ailəsini ədalətli idarə edəcək ağbirçək, ağsaqqal necə olmalıdır?
– Ağbirçək yox, ağsaqqal!
– ??? Uzun illər öncə, bir rus teatr tənqidçisinin belə bir fikrinə rast gəlmişdim ki, qadın rejissor sənətini seçibsə, o ya rejissordur, ya da qadın. Kifayət qədər mübahisəli fikirdir. Yəni siz də belə düşünürsünüz?
– Rejissor, dirijor, hətta şef aşpaz… Tək-tək qadın olar ki, bu işlərin öhdəsindən gəlsin. Belə məsuliyyətli işi bacarmaq qadın üçün çox çətindir. Kəşfiyyatçı, snayper peşələri qadın xarakterinə daha çox uyğun gəlir, nəinki dirijorluq, ya da rejissorluq. Mən belə fikirdəyəm ki, qadın onsuz da qəliz, çətin tale yaşayır, əsl kişi peşəsi sayılan bu işləri ona yükləmək heç düzgün deyil.
– Azər Paşa müəllim, teatrı idarə etmək sizin enerjinizi daha çox alır, ya tamaşa qoymaq?
– Bu vəzifələrin hər ikisi ayrılıqda çətin işdir, amma bacarırsansa, Allah da qismət edirsə, öhdəsindən gəlmək mümkündür…
– Axı, siz təkcə bu teatrda çalışmırsınız… Teatr Xadimləri İttifaqının da rəhbərisiniz. Yəni teatr problemləri hər zaman sizinlədir…
– İttifaqda teatrların yox, ittifaq üzvlərinin problemləri ilə məşğul oluruq. Tədbirlər, festivallar keçirmək, gənclər üçün sənət meydanı açmaq bizim işimizdir. Onlar üçün yaradıcılıq laboratoriyaları təşkil etmişik. Onların işləmək həvəsini, bacarığını görəndə fikirləşirsən ki, nə yaxşı bu işi etdik. Gənclər dramaturgiyadan tutmuş aktyorluğadək görkəmli sənətkarların ustad dərslərində iştirak edirlər, biliklərini artırırlar, bəziləri isə özünü yenidən kəşf edir.
– Gənclər demişkən, siz gərək ki, Mədəniyyət və İncəsənət Universitetində də dərs deyirsiniz…
– Deyirdim. Keçən ildən universitetdən
ayrılmışam. Teatrda və
ittifaqda öyrənmək
istəyən gənclərlə
işləmək kifayət
edir. Mənim ardıcıllarım elə onlardır.
– Artıq yeddi ildir ki, Akademik
Milli Dram Teatrına rəhbərlik edirsiniz. Bəlkə bu illərdə teatrda sizin gəlişinizlə başlayan yeniliklərdən
danışaq…
– Yox, özümü tərifləmək istəmirəm
(gülür).
– Məncə də… Əslində, görünən dağa nə bələdçi?... Yubiley elə bir məqamdır ki, insan özü üçün istədiklərini ucadan dilinə gətirəndə, arzularından danışanda normal qarşılanır…
– Ən birinci istəyim cansağlığıdır. İstəyirəm enerjim, həvəsim ömrüm boyu tükənməsin ki, işləyim, teatra xidmət edə bilim. Bir də ki… Ən böyük arzularımdan birinə çatmışam. İllərdir, dua edirdim ki, ay Allah, bircə Qarabağın azad olunduğunu görüm, o torpaqlara səfər etmək mənə qismət olsun! Ali Baş Komandanımızın siyasəti, müzəffər Ordumuzun hünəri sayəsində bu arzum da çin oldu! Şuşaya ilk ayaq basanlardan biri də mən oldum.
– Adətən, yay mövsümündə yubiley keçirmirlər. Yəqin ki, payızda Azər Paşa Nemətovu yubilyar kürsüsündə görüb alqışlaya biləcəyik…
– Yox, şəxsən mənim heç bir təntənəli yubiley, ad günü keçirmək fikrim yoxdur. Ömürdür, yaşayıram, yaradıram. Ömür möhlət verdikcə də belə olacaq.
***
Bu yazımızda biz qəsdən Azər Paşa Nemətovun səhnələşdirdiyi əsərlərin nə adını çəkdik, nə yaradıcılıq bioqrafiyasını faktlarla vərəqlədik. Sadəcə, yubiley öncəsi bir teatr fədaisi ilə söhbət etdik ki, bu söhbət də taleyin gərdişindən yubilyarın ad günündən sonra işıq üzü görür. Həm də görkəmli rejissorumuz 75 yaşına ala biləcəyi ən böyük hədiyyəyə layiq görüləndən sonra. Bu günədək Azərbaycan teatrı qarşısındakı xidmətləri “Şöhrət”, II dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə qiymətləndirilmiş sənətkar yubileyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə də təltif edilib.
Elə bu məqamda Azər Paşa müəllimin özü üçün “gözətçiyəm elə bil, hər gün teatrdayam” deyimini sözün üst qatında görünməyən tərəfdən açıqlamaqda məna var: əslində, Azər Paşa müəllim teatr ənənələrini qoruyan, yenilikləri teatrda görmək istəyən və görmək istədiklərini bu məbədə gətirən, bu məbədin üstündə yarpaq kimi əsən teatr adamıdır.
Ötən teatr mövsümündə müəllifi olduğu, 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər yolu” tamaşası da göstərdi ki, ideya yaranırsa, onu həyata keçirməyə enerji, həvəs, səbir varsa, deməli, doğum şəhadətnaməsində göstərilən tarixin bu günümüzdən nə qədər uzaq olması, sadəcə, quru faktdır… Və avqustun 13-də Azər Paşa müəllimin 75 yox, elə üç 25 yaşı tamam olub.
Buna görə də yubileysayağı söhbətimizin sonunda deyirik: Ustad, ömrünə elə “Zəfər yolu” ilə davam et!...
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2022.- 17
avqust.- S.5.