Azərbaycan poeziyasının Bəxtiyarı

 

Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 97-ci ildönümü (16 avqust) doğulduğu Şəki şəhərində ehtiramla qeyd edilib.

Şəki Regional Mədəniyyət İdarəsi (RMİ), Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsi və Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar əvvəlcə unudulmaz şairin şəhərin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Sonra tədbir ədibin ev-muzeyində davam etdirilib. Şəki RMİ-nin rəisi Azər Yusubov, hüquqşünas İkram Abdullayev, şair Musa Həşimov və digər çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.

***

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində B.Vahabzadənin doğum günü ilə bağlı tədbir keçirilib. Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva çıxış edərək ədibin zəngin yaradıcılığı haqqında söz açıb.

***

Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzində də B.Vahabzadənin doğum günü münasibətilə tədbir təşkil olunub. B.Vahabzadənin həyat və yaradıcılığı haqqında videoçarx təqdim edildikdən sonra mərkəzin əməkdaşları şairin şeirlərindən nümunələr səsləndiriblər.

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.4.