Bənzərsiz ədəbiyyatşünas
alim
XX əsrin ikinci yarısında milli ədəbiyyatşünaslığın köklü problemlərinin həllində, aktual təmayüllərin aydınlaşmasında əzmlə çalışan alimlərimiz olub. Belə diqqətəşayan alimlərimizdən biri də görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayev olub.
Yaşar Vahid oğlu Qarayev 5 mart 1936-cı ildə Şəki şəhərində dünyaya göz açır. Orta təhsilini başa vurduqdan sonra 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1958-ci ildə universiteti bitirir. Təyinatı Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna verilir. 1963-cü ildə filologiya üzrə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə edir. 1985-ci ildə professor elmi adını alır.
1959-cu ildən bu elm ocağında əmək fəaliyyətinə başlayan alim şöbə müdiri, elmi işlər üzrə direktor müavini, daha sonra direktor vəzifələrində çalışır. Alimin gərgin elmi axtarışların nəticəsi olaraq 30-dan çox monoqrafik tədqiqat əsəri və ədəbi-tənqidi məqalələr məcmuəsi, 500-dən artıq məqaləsi işıq üzü görür.
Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi, teatrşünaslıq, ədəbi tənqid və publisistika, estetika və mədəniyyətşünaslıq onun elmi yaradıcılığının əsas istiqamətləri olub. Hələ gənclik illərindən yaradıcılığı, tənqidçi kimi fəaliyyəti ədəbi prosesə, klassik irsin təhlilinə istiqamətlənir. Onun bədii metod nəzəriyyəsi, Renessans və maarifçilik, cari ədəbi proses, ədəbiyyat tarixçiliyində, ədəbi tənqiddə analitik-nəzəri məktəb və üslub apardığı tədqiqatların əsas mövzu və problemlərini təşkil edib. Şərqdə realizmin genezisi, tipologiyası barədə fundamental nəzəri ideyaları ümumtürk miqyasında problemlərin həlli üçün elmi məktəb və təlim rolunu oynayıb.
Azərbaycanda milli ədəbi tərəqqinin inkişafı, mərhələ təsnifi və bədii tipologiyası haqqında yeni konsepsiya da ilk dəfə alimin “Tarix: yaxından və uzaqdan” kitabında irəli sürülüb, “Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər” kitabında elmi həllini tapıb. Bu kimi məsələlər eyni zamanda onun “Faciə və qəhrəman”, “Realizm: sənət və həqiqət”, “Min ilin sonu” və s. kitablarında da geniş araşdırılıb.
Araşdırmalarda qeyd edilir ki, çağdaş milli ədəbiyyat tarixi gerçəkliklərinin ərsəyə gəlməsində Yaşar Qarayevin əməyi danılmazdır. Görkəmli alimin məqalələri Rusiya, İraq, İran və Türkiyədə elmi nəşrlərdə dərc edilmişdi. “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Poeziya və nəsr”, “Ədəbi üfüqlər”, “Meyar şəxsiyyətdir” kimi kitabları onun sanballı bir elmi yaradıcılığa sahib olduğunun göstəricisidir.
Yaşar Qarayevin elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1980-ci ildə “Poeziya və nəsr” kitabına görə Dövlət mükafatına, 1982-ci ildə isə filologiya elminin inkişafı və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına görə “Əməkdar elm xadimi” adına layiq görülüb.
Görkəmli alim Ədəbiyyatşünaslıq üzrə müdafiə şurasının sədri, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin, bir sıra elmi və bədii şuraların üzvü olub. Çingiz Aytmatov Akademiyasının, Atatürk Araşdırmalar Mərkəzinin, Şəhriyar Konqresinin üzvü seçilib.
Gərgin yaradıcılıq axtarışları sahəsində qazanılan bu nailiyyətlər onun həyat və fəaliyyətinə işıq salır, alimin geniş erudisiyası, yaradıcılığının miqyası və ictimai fəallığı barədə təsəvvür yaradır.
Yaşar Qarayev bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil edib. Müasir ədəbi proseslərin, əlaqələrin və ədəbiyyat tarixinin müxtəlif problemlərinə həsr olunmuş məruzələri ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılanıb. Görkəmli alim səmərəli elmi fəaliyyətlə yanaşı, yüksəkixtisaslı kadrlar hazırlanması üçün də böyük əmək sərf edib. Rəhbərliyi altında onlarla elmlər namizədi və doktoru yetişib.
Yaşar Qarayev 25 avqust 2002-ci ildə vəfat edib, Bakıda II Fəxri xiyabanda dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 19
avqust.- S.7.