Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi tədqiqat işləri davam edir

 

Xəbər verdiyimiz kimi, Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək elmi tədqiqat layihələri davam edir.

Bu yöndə növbəti layihələrdən biri “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsidir.

Avqust ayında üçüncü mərhələsi başlayan layihənin icra müddəti üç ildir. Layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən “Ana zağa” və “Ovçular” mağaraları, dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilir.

Layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqinə və qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə xidmət edəcək.

Layihədə əcnəbi mütəxəssislər Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodriges (RoviraVirgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edirlər. Qoruq əməkdaşları Günay Verdiyeva, Turan Yunus və Rəfael Bəkirov tədqiqatlara köməkçi qismində cəlb olunublar.

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.6.