“Qarabağ” və
“Xarıbülbül” kolleksiyaları Kazanda
nümayiş olunub
“Kazan Kremli” Muzey-Qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilovanın “Qarabağ” və “Xarıbülbül” kolleksiyaları nümayiş olunub.
Dəfilə Tatarıstan paytaxtında 2-ci “Etno-Fashion” – Xalq Yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət Festivalı çərçivəsində keçirilib. Kolleksiyalar XVII-XIX əsrlərin tarixi binalarında təqdim olunub.
“Azərbaycanı dünya podiumlarında, xüsusən də indi gözəl Qarabağımızı təcəssüm etdirən bu cür kolleksiyalarla təmsil etmək mənim üçün böyük şərəfdir. Məlum olduğu kimi, xarıbülbül çiçəyi Şuşa və Qarabağla ayrılmaz bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəmizin rəmzidir. Sevindirici haldır ki, kolleksiyaların nümayişi qonaqların marağına səbəb oldu və böyük uğurla keçdi”, – deyə Gülnarə Xəlilova bildirib.
Qeyd edək ki, “Həyat tərzi – mədəni kod” devizli festival Rusiya Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti, Tatarıstan Mədəniyyət Nazirliyi və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Bu il festivalda Rusiya, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 50-yə yaxın tanınmış dizayner iştirak edib, yaradıcılıq görüşləri və ustad dərsləri keçirilib.
Bundan əvvəl Gülnarə Xəlilovanın
kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Bolqarıstan, Norveç və digər
ölkələrdə moda həftələrində
və tədbirlərdə nümayiş etdirilib.
Mədəniyyət.- 2022.- 19
avqust.- S.8.