“Bakı onunla heç vaxt vidalaşmayıb, o, bizimlədir...”

 

“Yaşıl Teatrda Müslüm Maqomayevin xatirə gecəsi

 

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli operaestrada müğənnisi, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olunub.

Sonra Müslüm Maqomayevin “Azərbaycan” (“Baharlı yurdum”) mahnısı (sözləri Nəbi Xəzri) səsləndirilib.

Konsert proqramında Azərbaycanın Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artistlər İlham Nəzərov, Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirilib. Xatirə gecəsində görkəmli sənətkar haqqında videoçarxlar, müğənninin baş rolda çəkildiyi “Nizami” filmindən (1982) kadrlar da nümayiş olunub.

Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşüblər.

Xatirə gecəsində çıxış edən Prezident İlham Əliyev deyib:

Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində – bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulubbu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdio, bu sevgiyə nə qədər layiq idi.

Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi.

Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim. Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmazMavi əbədiyyət” mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümün möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir. Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı. Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir.

Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik.

Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı.

Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun.

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.1;3.