Bu abidəyə yaxınlaşan
hər kəs “Salam, Müslüm”
deyəcək...
Dənizkənarı Milli
Parkda dünya
şöhrətli sənətkarın abidəsinin
açılışı olub
Səsi və sənəti ilə Azərbaycanı dünyada tanıdan böyük müğənni, bəstəkar Müslüm Maqomayevin əziz xatirəsi doğulub boya-başa çatdığı şəhərdə, Bakı bulvarında əbədiləşdirilib.
Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünya şöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev deyib: “Əziz dostlar, bu gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyidir. Bu gün Bakı şəhərinin ən gözəl yerlərindən birində Müslüm Maqomayevin abidəsi ucaldılıb. Biz bu mərasimə toplaşmışıq. Müslümü tanıyanlar, onu sevən insanlar bu gün birlikdə bu gözəl abidəni açacağıq. Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o həm böyük müğənni, həm də böyük bəstəkar idi”.
Sovet estradasında Müslüm Maqomayevin tayı-bərabəri olmadığını vurğulayan İlham Əliyev qeyd edib ki, bu gün də onun ifasında səslənən mahnılar hər birimizi duyğulandırır: “Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq Müslümün ad gününü evimizdə qeyd edirdik.
Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub”.
Dövlət başçısı xatırladıb ki, Müslüm Maqomayev gənc yaşlarında ümumittifaq şöhrəti qazananda ümummilli lider Heydər Əliyev onun fəaliyyətinə çox böyük diqqət yetirir, ona qayğı göstərirdi: “Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq”.
Prezident daha sonra deyib:
– Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.
Tamara və Müslüm – onların hər ikisi böyük sənətkar, dünya şöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.
Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz.
Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır.
Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslüm özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.
“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.
Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır.
***
Mərasimdə çıxış edən unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslüm Maqomayevin xatirəsinin Azərbaycanda hər zaman əziz tutulduğunu vurğulayıb: “Onu qəlbinizdə yaşatdığınıza, Müslümün indi tanıya bilməyəcəyi bu gözəl şəhərin ab-havasında onu yaşatdığınıza görə çox sağ olun. Ruslarda belə bir deyim var: “Muraşki beqayut”, azərbaycanca “tüklərim biz-biz olur” deyirlər. Düz dedimmi? Bəli, Müslüm kifayət qədər soyuq Moskvadan sonra buraya gələndə bütün varlığı cuşa gəlir, burada həm mahnılar, həm də onun rəsm əsərləri yaranırdı.
Yəqin bilirsiniz, o, öz rəsm əsərlərindən birini Heydər Əliyevə hədiyyə etmişdi. Heydər Əliyevin verdiyi qiymət çox xoş idi. O təəccüblənmişdi, ona görə ki, Müslümün həm də şəkil çəkdiyini gözləmirdi. Demək istəyirəm, Sizin sözləriniz məndə belə bir fikir oyatdı ki, vaxtilə “Mavi əbədiyyət” mahnısını yazmaqla o, praktiki olaraq həmin əbədiyyətə qovuşdu və tale onu “Əlvida, Bakı” mahnısı ilə əbədiyyətə qovuşdurdu. Bu mahnıda o, musiqi dili ilə ürəyini boşaldıb, Sergey Aleksandroviç Yesenin isə bu hissləri sözlərlə ifadə edib və iki poetik qəlb birləşib. Buna görə çox sağ olun ki, onu xatırlayırsınız, sevirsiniz, ehtiram bəsləyirsiniz...”.
Mərasimdə daha sonra kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış ediblər.
Oqtay Mirqasımov bir məhəllədə yaşadığı Müslüm Maqomayevlə bağlı uşaqlıq və gənclik xatirələrini bölüşüb: “Yəqin ki, mən burada oturanların hamısından daha erkən vaxtlardan bu dahi insanı tanıyıram. Bizim bina, bizim məhəllə özündə çox böyük beyinlər, böyük istedadlar toplayırdı. Bu, özəl bir dünya idi və şeir, musiqi, elm, rəqs, səhnə ənənələrini özündə saxlayırdı. Məsələn, Bülbül bizim hamımızı, Müslümü də həmişə Opera Teatrında “Koroğlu” tamaşasına aparırdı və biz özümüzü çox xoşbəxt hiss edirdik.
Beləliklə, biz bir yandan bu dahi insanlara diqqət yetirirdik, digər tərəfdən dostumuz, yaşıdımız Müslümlə yaxınlıq edirdik. Hansısa bir anda biz, – yəni, mən özüm üçün bunu deyirəm, – birdən onun dahi olduğunu özümüz üçün təsdiqlədik – kiçik yaşlı dahi. O, ansambl qurdu, dekor çəkdi, özünün vokal imkanlarını təsdiqlədi. O zamandan biz mədəniyyətə və sənətə daha yaxın olduq. Müslüm bizi buna gətirdi. Sonra Müslüm çox məşhurlaşdı. Biz o zamandan və əbədi olaraq Müslümlə fəxr edirik, bütün Azərbaycan fəxr edir...”.
Fərhad Xəlilov bildirib ki, Müslüm Maqomayev hələ məktəbdə oxuyanda öz həmyaşıdlarından fərqlənirdi, çünki o, qeyri-adi bir insan idi, istedadı çoxşaxəli idi: “Yadımdadır, o, orta məktəbdə oxuyanda da rəsm əsərləri çəkərdi. Tamara xanım da dedi, Müslüm həm də gözəl rəssam idi. Hər dəfə Bakıya gələndə o, bir ay dəniz kənarında çalışırdı, doğum gününü ulu öndər Heydər Əliyevin evində keçirirdi. Ulu öndərimiz heç vaxt onu yaddan çıxarmırdı və mən deyərdim ki, Müslüm onun ərköyün bir övladı idi. Amma Müslüm də heç vaxt xətti keçmirdi, çünki çox mədəni və tərbiyəli bir insan idi.
Mən Müslüm haqqında çox danışa bilərəm. Fəxr edirəm ki, Müslüm Azərbaycanı dünyaya tanıtdırdı və mən fəxr edirəm ki, Müslüm bizim ittifaqın fəxri üzvü idi. Onun ittifaqa üzv qəbul olunduğu gün çox gözəl keçmişdi. Biz, həqiqətən, çox gözəl dost olmuşuq. Heyfsilənirik ki, Müslüm bu gün bizimlə burada deyil...”.
Fərhad Bədəlbəyli çıxışında Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin xatirəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Son zamanlar Qara Qarayevin heykəli, Niyazinin heykəli, Rəşid Behbudovun heykəli, Bülbülün heykəli açılıb. Bütün bu açılışlarda Siz bilavasitə özünüz iştirak etmisiniz. Biz bu diqqəti hiss edirik və yüksək qiymətləndiririk. Çünki bu böyük insanlar Azərbaycanı bütün dünyada tanıdıblar”.
O daha sonra deyib: “Mənim ürəyimdə bir kədər hissi var. Heydər Əliyev Fondu keçən il Cıdır düzündə möhtəşəm bir konsert təşkil etmişdi. Orada konsert Müslümün “Azərbaycan” mahnısı ilə bitdi. Heyf ki, Müslüm bu günü görmədi. Müslüm görmədi ki, Qarabağ azaddır, Şuşa azaddır. Bax, buna görə bir az kədərliyəm. Amma düz deyirlər, yəqin ki, Müslümün ruhu şaddır. Onun “Azərbaycan”ı bütün konsertlərdə bizim vokalçılarımız tərəfindən ifa olunur. Mən çox şadam ki, Müslümün vokal məktəbi davam edir. Müslüm buna çox sevinərdi...”.
***
Çıxışlardan sonra Müslüm Maqomayevin abidəsi üzərindəki örtük götürülüb.
Qeyd edək ki, abidə Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2020-ci il martın 12-də imzaladığı sərəncama əsasən ucaldılıb. Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində məlumat lövhəsi quraşdırılıb.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət
xadimləri ilə söhbət ediblər. Sonda
xatirə şəkilləri çəkdirilib.
Mədəniyyət.- 2022.- 19
avqust.- S.1;2.