Səsi və sənəti ilə əbədi

 

Müslüm Maqomayev məzarı başında yad olundu

 

Azərbaycan xalqının nəinki ölkəmiz, ümumən dünya mədəniyyəti və incəsənətinə ərməğanı sayılacaq səs, sənət sahiblərindən biri, heç şübhəsiz, Müslüm Maqomayevdir.

Bu il bənzərsiz sənəti, istedadı ilə dünya şöhrəti qazanan operaestrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti, ən əsası da milyonlarla insanın qəlbində əbədi məkan tapmış Müslüm Maqomayevin (1942-2008) 80 illiyidir.

Vətənində, onun hüdudlarından kənarda da daim sevgi ilə doğma yurdunu təbliğ edən əfsanəvi müğənni yenə ona səmimi sevgi etirafları edən onlarla dinləyicisinin əhatəsində, gül-çiçək yağışının “altında” idi.

Müslüm Maqomayevin doğum günündə – avqustun 17-də sənətkarın xatirəsi I Fəxri xiyabanda, məzarı başında yad olundu. Rəsmilərin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı anım mərasimində ölməz sənətkar bir daha sevgi ilə xatırlandı.

Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya Müslümün dünyaya, insanlığa, vətəninə, tamaşaçılarına sonsuz sevgi ilə bağlı olduğunu dedi. Bu kövrək duyğuların onun bütün yaradıcılığına sirayət etdiyi, xüsusən müəllifi olduğu ölməz “Mavi əbədiyyət” mahnısında dərin ifadə edildiyi bildirildi. Tamara xanım istər Müslümün tamaşaçılarını, istərsə də tamaşaçılarının onu mavi ənginliklər qədər sonsuz məhəbbətlə xatırladıqlarını və bundan böyük səadətin olmadığını vurğuladı.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Müslüm Maqomayev şəxsiyyəti və sənətkarlığından bəhs etdi. Onun parlaq istedadının təkcə səsində deyil, bütünlükdə yaradıcılığında dərin iz qoyduğunu dilə gətirdi. Qürurlu, səmimi və fədakar dost olan Müslüm Maqomayevi daim xoş hisslərlə xatırlayacağını deyən F.Bədəlbəyli onun azad Şuşamızı görməməsini də təəssüflə qeyd etdi. Vurğuladı ki, Şuşadakı əksər musiqi məclislərində sənətkarın ölməz əsərləri səsləndirilir və bununla da müğənninin ruhu qala-şəhərimizdə dinclik tapır...

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da anım tədbirinə toplaşanlara Müslüm Maqomayevə sevgi və rəğbətindən bəhs etdi. Onun dərin zəkası, istedadı, həssaslığı və mehribanlığından danışdı: “Xalqımızın ona olan sevgisi təsadüfi deyildi, çünki Müslümün sənəti bütün varlığı ilə vətəninə bağlılığından qaynaqlanırdı”.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 17 avqustun xalqımız üçün əlamətdar tarix olduğunu dedi. Bildirdi ki, Müslüm Maqomayev tək Azərbaycan üçün deyil, bütün dünya üçün töhfələr vermiş şəxsiyyətlərdəndir: “Bu gün biz böyük sənətkarın xatirəsini hörmətlə yad edirik. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq. Çünki onun mədəniyyətimizə, musiqi sənətimizə verdiyi töhfələr böyükdür, əvəzsizdir.

Onun bənzərsizliyi təkcə peşəkar ifaçılığında, səsində, sənətkarlığında deyil, həm də şəxsiyyətində büruzə verirdi. Müslüm Maqomayev ölkəmizi təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada layiqincə təmsil edirdi. Ömrünün bir hissəsini Azərbaycanda yaşamasa da, qəlbi daim öz vətəni ilə döyünürdüo, bunu daim ifalarında da çatdırmağa çalışırdı”.

Nazir bildirdi ki, dövlətimiz tərəfindən Müslüm Maqomayev sənəti layiqincə qiymətləndirilib: “İstər ulu öndər Heydər Əliyev, istərsə də onun ənənələrini layiqincə davam etdirən ölkə başçımız İlham Əliyev daim müğənninin sənətinə, xalqımıza miras qalan bənzərsiz yaradıcılığına qayğı ilə yanaşır. Məhz bu gün sənətkarın yubileyi münasibətilə paytaxtımızın ən gözəl məkanlarından birində açılışı baş tutan heykəli, eləcə də onun yubileyi ilə bağlı digər silsilə tədbirlər Maqomayev sənətinə dövlətimizin diqqətinin bariz nümunəsidir. İnanıram ki, Müslüm Maqomayevin ölməz sənəti yeni nəsil ifaçılar tərəfindən yaşadılacaq və xalqımızın bu bənzərsiz sənətə sevgisi tükənməyəcək”.

Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət OperaBalet Teatrının solisti olan müğənni İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. 1966-cı ildə ParisinOlimpiyakonsert salonunda konsert verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirib, bir il sonra Polşanın Sopot şəhərində keçirilən beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiyas. ölkələrdə konsert proqramları ilə çıxış edib. Onun repertuarında 600-dək əsər vardı.

Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi əzəmətli “Azərbaycan” mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Sənətkarın milli musiqi mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Görkəmli musiqiçi 2008-ci il oktyabrın 25-də Moskvada dünyasını dəyişib. Cənazəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıya gətirilərək I Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 19 avqust.- S.3.