Yarıməsrlik xatirənin
işığında
Memar Fuad Seyidzadənin vəfatının
50 illiyinə
Uzaq gəncliyimizin unudulmaz dostu... Yaddaşlara həkk olan insan... Əsl kişi ləyaqətli və nəcabətli insan... Gənc, yaraşıqlı və mehriban oğlan... Bakıda 60-cı illər gəncliyinin mütərəqqi rəmzi... Böyüklə böyük, kiçiklə kiçik...
Görkəmli memar, rəssam, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, gözəl dost, xeyirxah insan Fuad Seyidzadə yaddaşlarda belə qalıb.
AZƏRTAC memar Fuad Seyidzadənin vəfatının 50-ci ildönümü münasibətilə onun dostlarının, tanışlarının xatirələrinə nəzər salmaqla, 34 illik işıqlı ömrün bəzi məqamlarını təqdim edib.
Fuad Seyidzadə 1938-ci il iyunun 16-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Bağır Seyidzadə dövrün ictimai-siyasi və mədəniyyət xadimlərindən biri, diplomat, jurnalist və tərcüməçi idi. Müxtəlif məsul vəzifələrdə çalışmış Bağır Seyidzadə Azərbaycanın ilk kinematoqrafiya nazirlərindən (ilk nazir Rəsul Rza, ikincisi Bağır Seyidzadə) olub.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazır: “Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımca danışmağa çalışan bəzi demaqoqların ağzından vurdu. Atası kimi Fuad da eyni nəcib xasiyyətə malik idi”.
Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə ilk dəfə Təbrizdə gedən Fuad sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə qəbul olub. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsilini davam etdirib. Tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak edib, çəkdiyi rəsmlər müxtəlif mükafatlara layiq görülüb. Onun “Sumqayıt – peyk şəhər” layihəsi Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə təltif edilib. Bu uğur institut üçün böyük hadisə idi. Ali məktəbi bitirəndən sonra təyinatla “Azərdövlətlayihə” İnstitutunda işləyib. Az sonra isə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsi nəzdində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik edib, istedadlı mütəxəssisləri ətrafına toplayıb. Arzusu bu büronu geniş profilli layihə institutuna çevirmək idi. O dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə İçərişəhərin ərazisi məhz Fuad Seyidzadənin rəhbəri olduğu büroya həvalə olunub. Bakı şəhərinin dizaynı ilə də bu büro məşğul idi.
Əməkdar memar Rasim Əliyev (1934-2021) yazırdı: “Keçmiş SSRİ-nin bir çox şəhərlərində mehmanxana və restoranlar Fuad Seyidzadənin layihələri əsasında tikilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev bizə tez-tez gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlı insanları çox sevirdi. Sonrakı illərdə həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi”.
Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan Fuad Seyidzadə qeyri-adi istedada, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik idi.
Xalq rəssamı Tahir Salahov (1928-2021): “O, dünya şöhrətli memarlardan Nimeyerin, Le Korbuzyenin, Kenzo Tanqenin yaradıcılığına bələd idi. Joltovskini, Vlasovu, Lukini öyrənmişdi. Eyni zamanda, Azərbaycanın istedadlı, gözəl memarları Mikayıl Useynov, Sadıq Dadaşovla yaxından tanış idi. Yəni o həm milli, həm də dünya memarlıq incəsənətinin bütün palitrasını dərindən bilsə də, ilk növbədə, çoxəsrlik Azərbaycan memarlığının vurğunu idi. Bu mənada keçmişlə bu günü birləşdirmək, sintez etmək onda çox gözəl alınırdı.
Fuad Seyidzadə çoxəsrlik Azərbaycan memarlığına məkanın, həcmin və müstəvinin müasir tərzdə dərk olunması anlayışını gətirdi, bütün arxitektura elementləri arasında əlaqəni diqqətlə yoxlayaraq onları ahəngdar şəkildə və ümumilikdə qızıl hissənin klassik nisbətləri ilə birləşdirdi”.
Gənc memar layihələrində novatorluğa, yeni ideyalara meyil göstərərək klassik, milli, modern üslubların vəhdətinə nail olmağa çalışırdı. O zaman SSRİ-nin bütün respublikalarında evlər eynitipli layihə üzrə tikilirdi. Bu standartlardan çıxmaq üçün memarlar çox çətinlikləri dəf etməli idilər. Fuad Seyidzadə belə bir şəraitdə memarlıq sənətinə gəlmişdi. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri Fuad Seyidzadə olub.
Onu institut illərindən tanıyan Həsən Həsənov yazır: “Fuadın əsas məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin, hər məhəllənin öz servis sistemi olsun, məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti olsun və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Əfsuslar olsun ki, bu, sona qədər davam etmədi”.
Fuad Seyidzadə rəssamlarla, heykəltəraşlarla birgə çoxlu iş görür, axtarışlarını davam etdirirdi. İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopolda ucaldılmış Sapundağ abidə kompleksi heykəltəraş Ömər Eldarovla birgə işin məhsuludur. Sankt-Peterburqda tikilmiş “Bakı” restoranı (Oleq İbrahimovla birgə), habelə heykəltəraş Tokay Məmmədovla memar-dizayner kimi həyata keçirdiyi layihələr zəngin sənət duyumunun ifadəsidir.
Tokay Məmmədovun (1927-2018) xatirələrindən: “Fuad çox incə təbiətli, yüksək zövqlü, mən deyərdim ki, təbii zövqlü insan idi. Məsələn, bəzi insanlar mütləq musiqi duyumuna malik olduğu kimi, o da mütləq zövqə malik idi. Eyni zamanda, o, hər şeyi böyük peşəkarlıqla yerinə yetirirdi. Bu, çox vacib məqamdır”.
Dünya memarlığının nailiyyətlərini dərindən bilən F.Seyidzadənin layihələri orijinallığı ilə seçilirdi. Xalq rəssamı, tanınmış heykəltəraş Fuad Salayev yazır: “O, “köhnə Bakı”ya vurulsa da, paytaxtın yeni simasını yaratmaq ideyalarına can atan memar idi. Yeni düşüncəli insan idi: yüksək zövq, məkanın orijinal, “təzə” görünüşü. Yeni fikirlərlə coşub-daşırdı. Qərbə və Şərqə səfərlərində gözəlliyə heyran olurdu. Bakını da yeni, gözəl meydanlarla, küçələrlə, müasir yollarla görmək arzusunda idi”.
Azərbaycanın rayonlarında tikilən qonaq evləri, Bakıda funikulyorun qarşısındakı meydan (heykəltəraşlar Q.Sücəddinov və A.Mustafayevlə birgə), Rəsul Rzanın, Tahir Salahovun, Bakıdakı İran konsulunun bağ evləri F.Seyidzadənin zəngin təxəyyülündən xəbər verirdi. Sənət dünyasındakı ilk addımları elə mətin və uğurlu olmuşdu ki, yaşlı həmkarları da gənc memarın nailiyyətlərindən qürur duyurdular.
Bacısı Dilarə xanım: “Daim öz
üzərində çalışır, mütaliə
edirdi. Nə
qədər jurnallara abunə olmuşdu. Fransaya səfəri
zamanı oradan özünə yalnız Le Korbuzyenin albomunu
alıb gətirdi. Həmişə deyirdi
ki, Nyu-Yorku yaradan Le Korbuzye oldu, Barselonanı yaradan Qaudi oldu”.
Ümumiyyətlə, Fuad Seyidzadə hərtərəfli
istedada malik insan idi. Bu istedad isə onda çox erkən
özünü göstərmişdi. O, uşaqlıqdan
rəssamlığı çox sevib və bu sahədə ilk
dərslərini atasından alıb. Hələ
orta məktəbdə çəkdiyi rəsmlərini Xalq rəssamı
Mikayıl Abdullayev bəyənib, onun rəyinə əsasən,
Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa
götürülüb. Onun rəsmlərində
həyat gerçəkliyi əlvanlığı ilə əks
olunmaqla yanaşı, duyğu və düşüncələri
də rənglərin dili ilə ifadə olunub. Orta məktəb
illərində musiqi təhsili də alan
Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini
çəkib. O, Bağır Seyidzadəyə təkid
edirmiş ki, oğlu dirijorluq sənətinin arxasınca
getsin. Fuad Seyidzadə Qərbin dahi bəstəkarlarının
– Motsartın, Baxın, Listin əsərlərini sevə-sevə
ifa edirdi. O, 60-cı illərdə xüsusilə dəbdə
olan caz musiqisinin vurğunu idi, lakin qəlbində ən
böyük yeri yenə də muğam və xalq
mahnılarımıza ayırırdı. Ürəyinə
yatdığı mahnıları fortepianoda gözəl
improvizə ilə ifa edirdi. Xatirələrdən
məlum olur ki, Fuad görkəmli cazmen Vaqif Mustafazadə ilə
də dostluq edib.
Xalq
yazıçısı Elçin: “Vaqif (Səmədoğlu –
red.) o zaman “Araz” kinoteatrındakı
orkestrdə piano çalırdı. Fuadla
kinoteatra gedib Vaqifi gözləyə-gözləyə konsertə
qulaq asırdıq, sonra da şəhərə gəzməyə
çıxırdıq. Bəzən “Yeni
Avropa” mehmanxanasının (indiki “Lukoyl” ofisi) ikinci mərtəbəsində
restoranın yanındakı bufetə girirdik. 1960-1970-ci illərdə Ələsgər
dayının o bufeti Bakıda ədəbiyyat, sənət
adamlarının xudmani bir klubuna çevrilmişdi”.
Bəstəkar
Aqşin Əlizadə (1937-2014): “O vaxtlar Fuad üçün
bir mahnı yazmışdım. Təcrübəm az idi, mahnını axıra çatdıra
bilməmişdim. Mahnının sonunu Fuad
özü tamamladı. Sonralar həmişə
mənə baxıb gülə-gülə o mahnını
oxuyardı. Mənə də ləzzət
eləyərdi”.
Fuad Seyidzadə yaddaşlarda, həmçinin çox
xeyirxah insan kimi qalıb. Həmişə gülümsəyərdi,
ucadan danışmazdı – bütün bunlar onun
ziyalılığından, yüksək intellekt sahibi
olmasından, tərbiyəsindən irəli gəlirdi. Böyüyün-kiçiyin yerini bilməsi,
özünəməxsus cazibəli xüsusiyyətə malik
olması Fuadı hamıya sevdirirdi.
Xalq
artisti, görkəmli kinorejissor Eldar Quliyev (1941-2021): “O həm
də, necə deyərlər, “böyüklə böyük,
kiçiklə kiçik” idi. Onu sevirdilər,
ona hörmətlə yanaşırdılar, onun fikirlərini
yaşlı nəsil də nəzərə alırdı.
Mən bilirəm ki, Mikayıl Useynov, atam Tofiq
Quliyev ona necə hörmət və məhəbbət bəsləyirdilər”.
Gənc memar elə bir mənalı və parlaq
ömür sürüb ki, haqqında söylənilən
xatirələr həm də həmin dövrün gəncliyi
barədə geniş təsəvvür yaradır. Həmyaşıdları
onu Bakının 60-cı illər gəncliyinin mütərəqqi
rəmzi adlandırırdılar.
Xalq
şairi, dramaturq Vaqif Səmədoğlunun (1939-2015) xatirələrindən:
“60-cı illərin ikinci yarısında, 70-ci illərdə gənclər
arasında çox böyük iş aparılırdı. Gənclər klubu yaradılmışdı, gənclərin
görüşləri keçirilirdi. Bütün
bu məsələlərdə ən fəal iştirak edən
isə Fuad Seyidzadə idi. Bu
görüşlər o qədər maraqlı, o qədər
sərbəst şəraitdə keçirdi ki, saatdan xəbər
tutmurduq. Çox qəribədir ki,
professionallar ola-ola, professional rejissorlar, yazıçılar,
ssenaristlər ola-ola bu klubdakı görüşlərin,
toplantıların ssenaristi də, rejissoru da memar Fuad Seyidzadə
olurdu”.
Xalq
yazıçısı Elçin: “60-cı illərdə
Bakının “Torqovı” küçəsi indiki mobil
telefonların, internetin işini daha istiqanlı
görürdü, gənclər arasında daha məhrəm və
mehriban ünsiyyət yaradırdı. “Torqovı” axşamlar
orada gəzməyə çıxanların və
hamısının da heç olmasa sifətdən bir-birini
tanıdığı cavanların sosial mənşəyindən
asılı olmayaraq, Bakının kübar sifətinin
göstəricisi idi... Fuad Bakının ən yaraşıqlı,
dəblə geyinən, sayılıb-seçilən
cavanlarından biri idi və o zaman – 60-cı illərdə
Bakının ən gözəl qızı ilə
görüşürdü və bu da “Torqovı”
ab-havasına, “Torqovı” aurasına xüsusi kolorit verən
faktlardan biri idi”.
Xatirələrdən o da məlum olur ki, ötən əsrin
60-cı illərində yaradıcılığın bir
çox sahələrində yeni ab-hava
başlanmışdı. Həmin illərin
istedadlı gəncləri yenilik həvəsi ilə
yaşayıb-yaradırdılar. Onların
yenilik axtarışı ədəbiyyat, musiqi, rəssamlıq,
memarlıq sahələrində dəyərli əsərlərin
yaradılması ilə nəticələndi. Öz peşəsini sevərək insanlara xidmət
etmək bu insanların başlıca amalı idi. Onlar hamısı bir-birinə formalaşmaqda kömək
edir, bir-birinin seçdiyi ixtisasa çox böyük hörmətlə
yanaşırdılar. Onlarda nə
paxıllıq, nə də intriqa var idi. Onlar
60-cı illərin övladları idilər. Vaqif Səmədoğlu:
“Bakıda, Azərbaycanda bir qrup ziyalı gənc eyni amala, hərə
öz sənətində eyni məqsədə xidmət etdiyi
üçün bir-birlərindən yapışdılar”.
Memar, rəssam,
musiqişünas, fəlsəfənin, ədəbiyyatın,
kino sənətinin dərin bilicisi... Bütün
bunların ucalığında dayanan isə Fuad Seyidzadənin
işıqlı şəxsiyyəti idi.
Xalq rəssamı
Toğrul Nərimanbəyovun (1930-2013) xatirələrindən:
“O zaman mən böyük tarixi əsəri tamamladım və
azərbaycanlı qəhrəmanın təsviri
üçün mənə müasir obraz lazım idi. Mənim
prinsipim belədir: əgər tarixi şəxsiyyəti
çəkirəmsə, onda mən həmin obrazda müasir
konkret insana əsaslanmalıyam. Məhz Fuad
öz görkəmində və daxili aləmində məqsədyönlülüyü
və romantikanı cəmləyirdi və mən öz qəhrəmanımı
onun timsalında seçdim”.
Akademik
Ömər Eldarov, Xalq artisti Fərhad Bədəlbəyli,
habelə memarlar Yusif Qədimov, Rüfət Şərifov,
Adil Muxtarov, Rafiq Behbudov, heykəltəraş Qorxmaz Sücəddinov
və başqalarının xatirələrində Fuad Seyidzadə
cavan, ciddi baxışlı, düşüncəli və
işıqlı siması ilə dəyişməz qaldı.
Fuad ailədə qayğıkeş övlad, qardaş
idi. O deyirdi:
“Atamız ağlımız, anamız qəlbimizdir”. Bağır Seyidzadə və Qeys xanım
övladlarını həm sevir, həm də onların bilik
qazanması üçün tələbkarlıq göstərirdilər.
Bu ailədə valideynlər arasında
böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində
çox böyük birlik var idi. Bağır
Seyidzadə deyirdi ki, mənim dayağım mənim
xanımımdır. Bütün
bunların övladların tərbiyəsinə, həyat tərzinə
çox böyük təsiri olub. Bacısı Dilarə
xanıma məktubları Fuadın daxili dünyasından, həyata
nikbin baxışından xəbər verir: “Orada mənim
bütün dostlarıma məsləhət gör ki, əgər
işləri qaydasında getməsə əyləşsinlər,
şirin çay içsinlər və ikinci oktavanın
re-diyez notunu aşmadan 3-4 saat sakitcə söhbət etsinlər.
Qoy, onların şüarı belə olsun: əgər
yaşından, xasiyyətindən,
dünyagörüşündən asılı olmayaraq
bütün insanlar hər bir hərəkətdən əvvəl
əyləşsələr, fikirləşsələr, səmimi
söhbət etsələr, hövsələsiz olmasalar və
insana o qədər də xas olmayan rəzil duyğuları bir
kənara qoyub ona daha çox xas olan nəciblik və
qarşılıqlı hörmət hissini rəhbər
tutsalar, onlar xoşbəxt olacaq. Belə
yaşamaq düzgün olacaq”. Bu fikirlər,
eyni zamanda, yazıb-yaratmaq qabiliyyətinin göstəricisidir.
Axı, onun atası Bağır Seyidzadə
görkəmli jurnalist, sözün qədir-qiymətini bilən
gözəl tərcüməçi idi.
Fuad Moskvada aspiranturada oxuyan bacısı Dilarə
xanıma uzaqdan-uzağa olsa belə mənəvi dəstək
olurdu. Ona
ünvanladığı məktublarından birində
yazırdı: “Biz səhərəcən işdə qalanda –
səhər saat 6-da dan yeri söküləndə, Baxın
“Passakaliya”sına qulaq asanda, bir 15 dəqiqə
özümüzə istirahət verəndə, inan ki, biz
insanlara, həyata dəhşətli bir sevgi-məhəbbət
hiss edirik. Görünür ki, “İş
insanın cövhəridir” anlayışı tamamilə
doğrudur. Biz adətən əməyin
bizə ruhən nə verdiyinin fərqinə varmırıq.
Ancaq bu fərqi görəndə isə
çox xoşbəxt oluruq. Bunu sənə
– mənim üçün sevimli və əziz olan insana da
arzu edirəm. İnanıram ki, belə də
olacaq”.
Bu sətirlər 26 yaşlı Fuadın zəngin mənəvi aləmindən xəbər verir. Bacısı Dilarə xanım deyir: “Müasir ruhlu insan idi. Eyni zamanda, onda çox böyük sintez var idi: Avropa və Şərq. Bütün bunlarla yanaşı, əsl Azərbaycan övladı idi, vətənpərvər idi”.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə üçün Fuad həm qardaş, həm dost, ən başlıcası, ideal idi: “Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Mir Fuadı, Mir Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyamı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm”.
Ülvi Seyidzadə isə atasını tanıyan insanlardan “Adam da atasına bu dərəcədə oxşayar?!” sualını tez-tez eşidir. O deyir: “Atam Fuad Seyidzadə həyatdan çox erkən köçdü. Onun cəmi 34 yaşı var idi. O, mənə, yeganə övladına zəngin irs – xeyirxah işləri ilə qazandığı ad və nurlu xatirə qoyub: atamı tanıyanların hamısı onun yaxşı dost və böyük estet olduğunu söyləyir”.
Azərbaycan mədəniyyətində, memarlığında, təsviri sənətində orijinal dəst-xətti ilə əbədiləşən görkəmli sənətkar haqqında xatirələrdən bu qənaətə gəlmək olur ki, Fuad Seyidzadənin ömrü qısa olsa da, yaradıcılığının miqyası çox geniş idi. Sinəsində coşan arzuları onu çox zirvələrə aparacaqdı. Lakin bütün arzular və ümidlər bir yay günü qırılır – 1972-ci il avqustun 6-da şənbə günü Nabranda istirahət edən oğlu Ülviyə baş çəkməyə gedərkən Xaçmaz yolunda Fuad qəzaya düşür. Heydər Əliyevin tapşırığı ilə hadisə yerindən vertolyotla Bakıya gətirilir, həkimlərin bütün səylərinə baxmayaraq, avqustun 14-də dünyasını dəyişir.
“Fuad gənc yaşlarında faciəli şəkildə həlak olmasaydı, o, şəhərimiz, ölkəmiz üçün neçə-neçə binaların, layihələrin müəllifi olacaqdı”, – fikrini isə onu tanıyanların hamısı təəssüflə söyləyir.
Keçən əsrin 60-70-ci illərində
tikilən eynitipli binaları xoşlamayan Fuad Seyidzadə bu
gün Bakıda inşa olunan müasir, hündürmərtəbəli
binaları görsə idi, qəlbi fərəhlə
dolardı. Fuad Seyidzadə Azərbaycanı çox sevirdi. O,
bütün yaradıcı fəaliyyətində Azərbaycanı
təbliğ edir, Vətənə, doğma yurda məhəbbətini
əks etdirirdi. Fuad Seyidzadə Azərbaycanı azad və
yüksək inkişaf edən diyar kimi görməyi
arzulayırdı. Bu gün Azərbaycan müstəqil,
yüksək səviyyədə inkişaf edən, inamla
addımlayan dövlətdir...
Mədəniyyət.- 2022.- 19
avqust.- S.6.