Milli Kitabxananın “Mikayıl Abdullayev” biblioqrafiyası çapdan çıxıb

 

 

Ötən il Azərbaycan rəssamlıq məktəbinin banilərindən biri, milli incəsənətimizin dəyərli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafatın laureatı, Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Mikayıl Abdullayevin (1921-2002) anadan olmasının 100 ili tamam oldu.

Yubiley münasibətilə Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib olunmuş “Mikayıl Abdullayev” biblioqrafiyası bu günlərdə işıq üzü görüb. Bu, görkəmli rəssamın həyat və yaradıcılığı haqqında çap olunmuş ilk biblioqrafik vəsaitdir.

Rəssamın çoxşaxəli yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq məqsədilə hazırlanmış biblioqrafiyada materiallar 1943-cü ildən 2021-ci ilədək dövrü əhatə edir. Mikayıl Abdullayevin əsərlərinin kataloqları, haqqında dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələr, əsərlərinin reproduksiyaları, həyat və yaradıcılığı ilə bağlı materiallar əhatə olunub. Azərbaycan və rus dillərində tərtib edilmiş bu biblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilib, daxildə isə əlifba sırası üzrə qruplaşdırılıb.

“Mikayıl Abdullayev dünya kitabxanalarında” və “Mikayıl Abdullayev dünya universitet kitabxanalarında” bölmələri rəssamın dəyərli irsinin dünya səviyyəsində təbliğinin mənzərəsini əks etdirərək, oxucuda müəyyən fikir formalaşdırmağa kömək edir.

Vəsaitdə Mikayıl Abdullayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də əksini tapıb.

 

Mədəniyyət.- 2022.- 24 avqust.- S.7.